Aysel Mübarizqızı. Ümid pilləsi
İsti yay günlərindən biri idi. Aysel valideynləri ilə birlikdə parkda gəzirdi. Balaca əllərində jurnal var idi. Bu görüntü skamyada əyləşən Həsən bəy Zərdabinin marağına səbəb oldu. Balaca qıza yaxınlaşaraq dedi:
- Ağıllı bala, adın nədir?
- Aysel.
- Neçə yaşın var?
- 10. 4-cü sinifdə oxuyuram.
- Bəs oxuduğun hansı jurnaldır?
- "Dəbistan" jurnalı.
- Sənə maraqlı gəlir?
- Bəli, maraqlıdır. Mən nağıllar, hekayələr oxumağı çox sevirəm. Hətta mənim ən böyük arzularımdan biri böyüyəndə uşaq yazarı olmaqdır. İstəyirəm ki, uşaqlar yazacağım hekayələri oxuduqda həm gülsünlər, həm də müsbət nələrsə öyrənsinlər.
Həsən bəy Zərdabi balaca qızcığaza gülümsəyərək dedi:
- Çox gözəl fikirlərin var. Siz uşaqlar bizim millətin gələcəyisiniz. Sizin bu gün düşündüyünüz hər fikir parlaq sabahımızı formalaşdırır. Ona görə həmişə arzulayıram ki, qəzetlərdə, kitablarda uşaqlar üçün faydalı məlumatlar olsun.
- Deməli, Siz uşaq mətbuatını da vacib hesab edirsiniz?
- Əlbəttə. Azərbaycanda Milli Mətbuatın yaranması uşaqlar üçün də yeni cığır açmış oldu. Sonra Məhəmmədhəsən Əfəndizadə, Əliisgəndər Cəfərzadə, Mahmud bəy Mahmudbəyov kimi ziyalılar uşaq qəzetləri, jurnalları yaratmaq üçün böyük əmək sərf etdilər.
Uşaqların vətənpərvər, savadlı böyüməsinə çalışırdılar. Sən də çalış ki, hekayələrində dürüstlük, Vətənə, valideynlərə, dünyaya sevgi, yaxşılıq, mərhəmət, elmə həvəs tərənnüm olunsun. Belə olduqda uşaqlar da hekayələri sevə-sevə oxuyacaqlar. Unutma ki, böyük arzular kiçik qələmlə yazılan ilk cümlələrdən başlayır…
Aysel Mübarizqızı BDU Jurnalistika fakültəsinin magistrantı