Nağıllar, hekayələr

Zahid Xəlil. Coğrafiya dərsində taxılan eynək

Bir dəfə Kərəm usta Lətifin gözündə qəribə bir eynək gördü. Adi eynəyə az oxşayırdı. Eynəyin buruna keçən hissəsinin üstündə antennaya oxşayan uzun mətfil var idi. Əslində bu mətfil antennadan daha çox pişik bığlarına oxşayırdı.

 

— Bu nədir? — deyə Kərəm ustadan soruşdu.

 

— Bu? Əşi heç nə. Bunu ancaq xəritəyə baxmaq üçün coğrafiya dərsində taxmaq olar. Hansı ölkədə nələr baş verdiyini o saat göstərir bu eynək.

 

— Bəs bu bığları nə üçündür?

 

— Bığları olmasa bu bir qapıya da dəyməz. Gözə görünməyən hər şeyi göstərən bu bığlardır.

 

— Lətif dayı, bircə günlüyə ver onu mənə, sabah coğrafiya dərsimiz var. Sonra yenə qaytararam.

 

Usta Lətifin balaca mavi gözləri bic-bic güldü. Eynəyi Kərəmə verdi. Coğrafiya müəllimi içəri girən kimi Kərəm əlini qaldırdı ki, müəllim onu çağırsın. “Deyəsən tənbəlliyin daşını atıb bu Kərəm!” — deyə müəllim düşündü.

 

— Buyur, Kərəm! — Müəllim onu dərsi danışmağa çağırdı.

 

Kərəm xəritənin qabağına çıxan kimi eynəyi gözlərinə taxdı. Uşaqlar pıqqıldaşdılar. Kərəm onlara əhəmiyyət verməyib xəritəyə baxdı. Birdən… Doğrudan da görünməmiş əhvalat baş verdi. Xəritənin ortasındakı çəhrayı rəngli ölkədəki adamları gördü. Kərəm gördü ki, onlar bərk vuruşurlar. Kərəm balaca bir oğlandan soruşdu:

 

— Hara belə?

 

— Necə hara? Görmürsən düşmən gəlir? Atamgil qabaqda gedir. Qaçıram ki, onlara çataram. Odur, anam çağırır. Gəlirəm, ana, gəlirəm.

 

— Hara gəlir düşmən?

 

— Qardaş, sən aydan-zaddan gəlməmisən ki, bəs üç gündür harayçılar bazarda car çəkmir ki, düşmən qoşunları üstümüzə gəlir, başınızın çarəsini qılın?

 

— Məgər sizin radionuz, televizorunuz yoxdur ki, harayçılar verir xəbəri.

 

— Radio nədir? Sən nə danışırsan. Biz elə şeyləri bilmirik.

 

Oğlanın qara qıvrım saçları var idi. Gözləri par-par parıldayırdı. Üzündən qan axırdı.

 

— Bəs üzünə nə olub?

 

— Göydə nəsə part edib dağıldı. Üzümə nəsə dəydi.

 

Kərəm onun yarasını sarımaq istədi, amma vaxt yox idi. Oğlanın ata-anası və bacısı körpüdən keçib çayın o tayında gözləyirdilər. Kərəm coğrafiya müəlliminin sözlərini yadına salıb dedi:

 

— Bəri bax, o ənliyarpağı görürsən. Yarpağını sal suya, qayıq kimi sürüb keç atangilə tez çatarsan.

 

Sağ ol qardaş, deyəsən sən lap ağıllı adamsan axı. Qıvrımsaç oğlan yarpağın üstünə minib o taya keçdi. Coğrafiya müəlliminin cingiltili səsi Kərəmi fikirdən ayırdı.

 

— Bu saat, müəllim. Dərsimiz inkişaf etmiş ölkələrin coğrafi quruluşudur. Kərəm xəritəyə baxdı. Bura başqa ölkə idi. Küçələrdə ikimərtəbə tramvaylar gedirdi. Adamlar vurnuxurdu.

 

— Hara belə? — deyə Kərəm bir nəfərdən soruşdu. Bu adam heç Kərəm tərəfə baxmadı da. Şlyapasını düzəldib sürətlə uzaqlaşdı. Kərəm kimin qabağını kəsib tələsdiklərinin səbəbini soruşdusa ona cavab verən olmadı. Axırda arıq bir kişinin qolundan yapışdı. Bu adamın ordu batmışdı. Gözləri sönməkdə idi. Kərəm soruşdu:

 

— Səninlə deyiləm, hara belə?

 

— Əgər sualına cavab versəm mənim xeyrim nə olacaq?

 

— Nə xeyir? Bir sözü de, qurtarsın getsin də!

 

— Yox, aşna, havayı vaxtımı alma. Bizim ölkədə havayı heç nə yoxdur.

 

— Yaxşı səni dalıma mindirib yüz addım apararam.

 

— Bu başqa məsələ. İndi deyərəm. Biz gedirik müharibəyə! Başa düşürsən, necə kef olacaq?!

 

— Necə yəni kef olacaq, sən dəlisən, nəsən?!

 

— Dəli olmadığıma tamam əminəm. İldə bir dəfə həkimdən keçirəm.

 

— Bəs müharibədə nə kef olar?

 

— Əlbəttə! Bax biz elə ölkələrə gedirik ki, orada texnika, mexanika yoxdur. Elə hücum eləməklə var-yoxlarını talan etməyimiz bir olur. Axı bizim texnikamız çox güclüdür.

 

Kərəm bir anlıq fikrə getdi. Çəhrayı ölkə yadına düşdü. Kərəm bayaqkı oğlanın qorxudan əyilmiş sifətini yadına salıb qışqırdı:

 

— Yox, mən sizi oraya qoymaram.

 

Kərəm elə bərkdən qışqırdı ki, şagirdlər qəhqəhə çəkib güldülər. Ordubatıq kişi qaçıb uzaqlaşdı. Kərəm çəhrayı rəngli ölkəni bir də axtarmağa başladı. Qıvrımsaç oğlanın ata-anası qabaqda, bacısı arxada meşəyə qaçırdılar. Oğlanın özü lap axıra qalmışdı. Tez-tez geriyə baxırdı ki, görsün düşmənlər gəlir, gəlmir. Birdən nəsə partladı. Anası geri qayıdıb bərkdən qışqırdı. Kərəm səs gələn tərəfə baxdı. Bayaqkı ordu batmış adam əlində tüfəng tutub yerə sərilmiş oğlana baxırdı. Onun tüfəngindən hələ də tüstü çıxırdı.

 

— Alçaq, — deyə Kərəm qışqırdı.

 

Sinifdəki uşaqlar təəccüblə Kərəmə baxırdılar. Coğrafiya müəllimi ona əyləşmək işarəsi verdi. Kərəm ayaqlarını sürüyə-sürüyə keçib yerində əyləşdi. Onu da bil ki, usta Lətifin düzəltdiyi həmin eynək hələ də durur. Amma heç kəs onun yerini bilmir.