Əziz Sultan. Xəyalpərəst dəvə və pinqvin
Bir dəvə belindəki ağır yüklə səhrada yol gedirdi. Yanında sahibi var idi. Günün qovurucu istisi onu əldən salmışdı. Yolda bir su quyusuna rast gəldilər. Quyunun dibində azca su var idi. Sahibi quyuya düşüb bir qab su çıxardı. Yarısını özü içdi, yarısını da dəvəyə verdi.
Dəvə sərin sudan içəndə yadına dünən karvansarada eşitdiyi söhbət düşdü. Oradakı insanlar havanın heç isinmədiyi, hər tərəfin buz ilə örtülü olduğu bir yerdən danışırdılar. Ən maraqlısı da bu idi ki, orada insanlar yaşamırmış, heyvanlar öz bildiyi kimi, asudə həyat sürürmüş.
Sahibi dincəlmək üçün onu yaxınlıqdakı ağaca bağladı, yüklərini endirdi. Özü isə kölgədə uzanıb yuxuya getdi. Dəvə ayaq üstdə ağacın yarpaqlarından bir az yedi. Sonra o da oturub dincəlməyə başladı. Bir yandan xorultu ilə yatan sahibindən xəbər tutmağı düşünür, bir yandan da sərbəst gəzə biləcəyi həmişəlik yerin xəyalını qururdu. Dünən eşitdiyi söhbətlər hələ yerin xəyalını qururdu. Dünən eşitdiyi söhbətlər hələ də yadından çıxmamışdı. Göydə süzən balıq şəklindəki buluda baxıb dedi:
- Sənə nə var, istədiyin yerə uçub gedirsən. Amma mən... ovsarım ya ağaca bağlı olur, ya da sahibimin əlində. İstədiyim kimi gəzib- dolaşa bilmirəm.
Bulud onun səsini eşidib yanına yaxınlaşdı:
-Niyə belə deyirsən, dəvə qardaş? Bu qədər çox arzulayırsansa, gəl səni istədiyin yerə aparım.
Dəvə dedi:
-Cənub tərəfdə, lap cənubda hər tərəfin buz ilə örtülü olduğu yeri tanıyırsanmı?
Bulud qarnını tutub xeyli güldü:
-Hər il neçə dəfə oranın üstündən keçirəm. Bu dünyada gəzmədiyim, görmədiyim yer yoxdur.
Dəvə dedi:
– Məni qaldıra bilərsən?
Bulud yenə qəhqəhə çəkib güldü və belə dedi:
– Mən yüz tonlarla suyu qaldırıb aparıram. Bir dəvəni apara bilmərəm ki?!
Dəvə ehmalca addımlayıb buludun üstünə çıxdı. Bulud çox yumşaq idi, səhranın qumundan da yumşaq və sərin. Yavaş-yavaş havaya qalxdılar. Xeyli uçduqdan sonra, nəhayət, hava soyumağa başladı. Uzaqda səhradan da geniş, ucsuz-bucaqsız, ağ ərazi göründü. Dəvə tələskənliyindən az qaldı ki, özünü yerə atsın.
– Tez ol, bulud qardaş, tez ol!.. Məni yerə endir! – dəvə həyəcanla dedi.
Bulud onu böyük buzlaqların arasında yerə endirdi. Dəvə təşəkkür edib sevinc içində sağa-sola qaçmağa başladı.
Əvvəlcə gəzməkdə çətinlik çəkirdi, ayaqları sürüşürdü. Sonra bu onun xoşuna gəlməyə başladı. Qaçıb sürət yığdıqdan sonra ayaq saxlayır, buzun üstündə sürüşürdü. Yorulanda ağzını yerə yaxınlaşdırır, soyuq buzu doyunca yalayırdı. Düzdür, birinci səfərində dili buza yapışdı, onu ayırana qədər xeyli əziyyət çəkdi, canı yandı. Amma buna da öyrəşdi; indi əvvəlcə buzu isti nəfəsi ilə sulandırır, sonra yalayırdı.
Xeyli oynadıqdan sonra dəvə yoruldu. Dayanıb dincələndə acdığını hiss etdi. Ətrafına baxdı: yeməyə heç nə yox idi. Bulud çoxdan uçub-getmişdi. Bir az aralıda görünən ağ dağlara tərəf addımlamağa başladı. Orada tərpənən bir qaraltı gördü. Yanına yaxınlaşdı. Gördü ki, bu, gonbul, hamar bədənli, uzun dimdikli, xırda qanadlı, quşa bənzəyən canlı – pinqvindir. Nə də olsa, bir canlı tapdığı üçün sevinmişdi. Salamlaşıb tanış oldu. Sonra dərdini dilə gətirdi:
– Sizin ölkəniz çox xoşuma gəldi. Amma yaman acmışam. Yeməyə nəyiniz var?
Pinqvin:
– Bu dəqiqə həll edərəm, – deyərək dağdan aşağı sürüşüb gözdən itdi. Dəvə onu gözləməyə başladı.
Bir azdan pinqvin geri qayıtdı. Dəvə heyrətlə ona baxırdı, çünki əlində heç nə yox idi. Pinqvin ağzını açıb əyildi. Dimdiyə bənzəyən ağzından yerə bir neçə dənə balıq düşdü.
Dəvə nə edəcəyini bilmədi.
– Axı mən ət yemirəm. Mən ancaq ot və yarpaq yeyirəm.
Pinqvin dedi:
- Nə danışırsan? Ət yemirsənsə, burada nə işin var? Burada nə ot bitir, nə də ağac.
Dəvə dedi:
-Kaş yaşıl otlarınız olaydı...
Pinqvin qanadı ilə başını qaşıyıb dedi:
- Okeanın dibində yaşıl yosunlar olur, onları yeyərsən?
– Ora necə gedə bilərəm? – dəvə sevincək dedi. Düşündü ki, səhradakı tikanlı bitkiləri rahatlıqla yeyirsə, yosunları niyə yeməsin?..
– Ora üzərək gedə bilsən, – pinqvin cavab verdi.
– Axı mən üzə bilmirəm, – dəvə bu səfər kövrəldi.
Pinqvin əvvəlcə qaşlarını çatdı, sonra qaqqıltıya bənzəyən titrək bir səs çıxarıb dedi:
– Bunu öyrənməyin asan yolu var. Arxamca gəl.
Pinqvin hündür bir qayanın kənarında dayanıb dəvəni yanına çağırdı:
– Gəl, yaxınlaş. Aşağı bax, gör nə gözəl üzməli yerdir!
Dəvə aşağı boylananda gördü ki, aşağıda mavi dənizdən başqa heç nə görünmür.
– Ah, mənim gözəl vətənim! – dedi. – İndi orada necə yaşıl bitkilər, isti səhralar var...
Dəvə üşüyürdü. Soyuq suya tullamaqda tərəddüd etdi. Bunu görən pinqvin onu itələdi və dəvə qayadan aşağı düşməyə başladı.
Dəvə qorxudan qışqırmaq istədi, lakin buz yalamaqdan boğazı şişdiyi üçün səsi çıxmadı. Üzüaşağı süzülür, get-gedə dənizə yaxınlaşırdı. Son anda gözlərini yumdu və şappıltı ilə suya düşdü.
Çox keçmədən dəvə hələ də sağ olduğunu hiss edib gözlərini açdı. Gördüyünə inana bilmirdi: səhranın ortasında, ovsarı ağaca bağlı olduğu halda oturmuşdu. Sən demə, gördüyü dəhşətli bir yuxu imiş. Sevinclə böyürüb ayağa qalxdı.
Əlindəki nemətin qədrini bilməyib xam xəyallara düşdüyü üçün utandı. Hələ də dərin yuxuda olan sahibinə yaxınlaşıb üzünü yaladı. Bununla o, sahibinə təşəkkür edirdi. O olmasa, kim ona ucsuz-bucaqsız səhrada su tapardı?! Onu vəhşi heyvanların hücumundan kim qoruyardı?!
22.07.2026