
Mən onu bazar günü köhnə, uçuq-sökük qarajda tapdım. Biz bura bir gün əvvəl köçmüşdük. Qaraja girəndə qorxurdum ki, indi hər şey başıma uçacaq. Ehtiyatla hər tərəfi işıqlandırdım və... onu gördüm. O, divara söykənib oturmuşdu. Ayaqlarını qabağa uzatmışdı. Ətrafda hər şey kimi, onu da toz və hörümçək toru basmışdı. Üzü solğun idi, saçlarına və çiyinlərinə ölü milçəklər səpələnmişdi. Açıq gözləri düz mənə baxırdı. Ürəyim dəlicəsinə çırpınır, gumbuldayırdı.
Bu vaxt məni səslədilər:
– Maykl! Maykl!
Qəribə məxluqdan gözümü çəkmədən daldalı getdim, nələrəsə ilişərək, nəhayət, bayıra çıxdım. Çağıran atam idi.
– Axı sənə xəbərdarlıq etmişdik. Bura hələlik təhlükəlidir. Üst-başını təmizlə! – atam güldü. – Bu kökdə ananın gözünə görünmə.
Ertəsi gün mən cəsarətimi toplayıb yenidən onun yanına getdim. Öyrəndim ki, adı Skelliqdir. Uzun müddətdir, burada qalır. Xəstəlik onu əldən salmışdı. Onun əsas qidası həşəratlar idi. Ona baxdıqca düşünürdüm ki, mən qeyri-adi yuxudayam.
Skelliq barəsində atamgilə heç nə demirdim. Onların başı onsuz da qarışıq idi: körpə bacım xəstəxanada idi, əməliyyat olunmalı idi.
Gördüklərimin yuxu olmadığını dəqiqləşdirməliydim. Buna görə də dostum Minanı Skelliqin yanına apardım. Biz qorxumuzu yenib ona kömək etməyi qərara aldıq. Düşündük ki, Skelliqi Minagilin həyətindəki dama – təhlükəsiz və səliqəli yerə aparaq. O yeriyə bilmirdi. Biz onu qucağımıza alanda dəhşətə gəldik. O, quş kimi yüngül idi...
Skelliqə damda hər cür şərait yaratdıq. Ona geyim, qida, su, dərman gətirdik. Skelliqin əynini dəyişməsinə kömək etdik. Onun pencəyini çıxardanda gözlərimizə inanmadıq. Skelliqin qanadları vardı. Qanadlar pencəyin cəngindən yaxa qurtardığına sevinirmiş kimi açılmağa başladı. Onlar kələ-kötür, əzilmiş idi. Açıldıqca xırçıldayır və titrəyirdi. O, ağrıdan ufuldayır və zarıyırdı. Başını yastığa qoyan kimi yuxuya getdi.
Biz bir-birimizə baxdıq. İndicə lələklərə dəyən əllərim hələ də əsirdi. Barmaqlarımın ucları ilə yenə də onlara toxundum. Əsl lələklər idi, altında isə sümük, oynaq, vətərlər...
Mən pəncərəyə tərəf gedib dəlikdən küçəyə baxdım.
– Sən nə edirsən? – Mina pıçıltı ilə soruşdu.
– Yoxlayıram, görüm yaşadığımız dünya yerindədirmi? Onun başına bir iş gəlməyib ki?
– Budur o, – Mina dedi. – Arxeopteriks. Uça bilən dinozavr.
O, qalın ensiklopediyanı ağacın altındakı otluğun üstünə qoydu. Biz rəsmdəki yöndəmsiz canlıya tamaşa etməyə başladıq. Mina sözünə davam etdi:
– Hesab edilir ki, dinozavrların nəsli kəsilib. Amma bəzilərinin fikrincə, bu canlıların törəmələri bizim aramızdadır. Ağacların başında, çardaqlarımızda yuva salıblar. Bu da onlardan biridir.
O, şəkildəki canlının qısa qanadlarını göstərdi:
– Görürsən, onların qanadları olsa da, ağır, iri sümüklüdür. Sən hələ quyruğuna bir bax! Sanki lövbərdir. Belə ağır çəkili canlılar uzun məsafəyə uça bilmirdilər, təkcə budaqdan-budağa qonmağı bacarırdılar. Göylərə qalxıb istədikləri qədər qanad çalmağı yalnız quşlar öyrəniblər. Çünki quşların sümüklərində içi hava ilə dolu boşluqlar var. Ona görə quşlar yüngül olur. Məhz bu onlara uçmaq imkanı verir.
O danışdıqca mən Skelliqi qucağımıza aldığımızı xatırladım.
– Təkamülün sonu yoxdur. Biz yeniliklərə hazır olmalıyıq. Çox güman, insanın indiki görünüşü tezliklə dəyişəcək, – Mina dedi.
Skelliq yeyir, içirdi. Gözlərimizin qabağında cana gəlirdi. O gülərək dedi:
– Bilirsiniz, siz kimsiniz? İki mələk!
– Yox, mələk sizsiniz, Skelliq. Siz bacıma baş çəkmisiniz. Bacımın əməliyyatdan sağ çıxmaq şansı çox az idi. Anam deyir ki, əməliyyatdan öncə qanadları olan bir mələk cumbulunu qucağına alıb öpdü və o, əməliyyatdan sağ-salamat çıxdı.
– Hə, o elə qəşəngdir ki! Nə isə, dostlar, indi sağollaşmaq vaxtıdır.
– Siz bizi tərk edirsiniz?
Skelliq gözlərini yumub razılıq əlaməti olaraq başını tərpətdi. Mən əlimi onun soyuq əlinə toxundurdum.
– Axı siz kimsiniz? – astadan soruşdum.
O, yenə çiyinlərini çəkərək:
– Kimsə. Hamıya oxşayıram: insana, heyvana, quşa, mələyə. Belə bir məxluqam, – deyə güldü.
Skelliq əyilib hər ikimizi qucaqladı:
– Təşəkkür edirəm. Sağ olun ki, məni həyata qaytardınız.
15.07.2026