Nurlana İşıq. Jaləli lalə
Səhər tezdən Lalə kasasındakı jaləni Günəşə təqdim etdikdən sonra boynunu şimala sarı əydi. Günəşə nə qədər rəğbət bəsləsə də, onun yandırıb- yaxan şüalarından özünü qoruyurdu. Bu Lalənin mənzili çöllük, ya da geniş düzənliklər deyildi. O öz mənzilini torpaq yolun çiynində salmışdı ki, hər gün buradan keçən insanları, çaya sürülən qoyun – quzuları izləyə bilsin. Bir bahar günü qəribə bir hadisə baş verdi. Lalə səhər yuxusundan ayılanda yolda- izdə heç kimi görmədi. Sən demə çay qurumuş, adamlar yurdu tərk etmişdi.
Bu hadisədən sonra o, hər gecə doluxsunur, hər səhər ümidlənir, sonra yenə qəmlənirdi... beləcə günlər keçir, yalqız Lalə isə özünə bir həmdəm tapa bilmirdi. Xiffətdən gülün nazik boynu daha da yerə əyilmişdi.
Üfüqə enən narıncı Günəş onun halına acıdı, ehtiyatla uzun telinin birini aşağı endirib dərdli Laləni qıdıqladı. Amma bikef gül heç başını qaldırmadı da.
Günəş mehribanlıqla soruşdu:
-Niyə küsəyən uşaq kimi boynunu bükmüsən , ay Lalə, ləçəklərin niyə yer süpürür?
Lalə boynunu qaldırmadan dedi:
-Artıq bu dünyada bir həmdəmim qalmayıb mənim, mənzilimi insanlara yaxın yerdə salmışdım, bir səhər oyanıb gördüm ki, köç ediblər, heç çevrilib arxaya da baxmayıblar. Eh.... vəfasızlar!
-Ləçəklərini qaldır, mən sənə həmdəm olaram, qoymaram ki, darıxasan.
Lalə:
-Axı sən göydəsən, mənsə yerdə. Sənə yuxarıdan aşağı baxmaq asan gəlir, amma mən buradan sən sarı boylana bilmərəm.
-Ay Lalə, mən hər gün tellərimi sənin yoluna sancar, səni salamlayaram. Səndən milyon işıq ili uzaqda da olsam, bil ki tənha deyilsən.
Lalə gülümsədi. Bu zaman onun ləçəkləri Günəşə doğru qalxdı. Hər gün həvəslə dostunu qarşıladı. İndi hər bahar gələndə Lalə ilə Günəş bir- birini salamlayır.