Nağıllar, hekayələr

Akutaqava Rünoske. Vaqon

Odavara ilə Atami şəhərləri arasında dəmiryol inşa olunmağa başlayanda Röhey hələ 8 yaşında idi. Tikintiyə baxmaq üçün hər gün kənddən çıxardı. Tikintidə əsas iş isə kiçik vaqonlarla torpaq daşımaqdan ibarət idi, amma bu iş ona o qədər qeyri-adi görünürdü ki, tamaşa etmək üçün mütəmadi olaraq buraya gələrdi. İki işçi əvvəlcə vaqona torpaq yükləyir, sonra vaqonun arxasına minir və onu üzüaşağı hərəkət etdirirdilər. Vaqon dar relslərin üzəri ilə əzilə-büzülə – sanki bu dəqiqə aşacaqmış kimi hərəkət etdikcə işçilərin əynindəki iş paltarlarını külək dalğalandırırdı.

 

Kaş ki Röhey də onlar kimi işçi olaydı… Bircə dəfə də olsa, onlarla vaqona minmək üçün can atırdı. Vaqon düzənlikdəki son dayanacağa çatanda öz-özünə dayanır, işçilər tez düşüb torpağı ətrafa yayır, sonra isə vaqonu üzüyuxarı itələyə-itələyə gəldiyi təpəyə çıxarırdılar. Röhey heç vaqona minməmişdi deyə bircə dəfə minmək üçün dünyaları verərdi…

 

Fevral ayının əvvəlləri idi. Röhey bir axşam özündən iki yaş kiçik qardaşı və qonşunun həmyaşıd uşağını yanına salıb vaqona baxmaq üçün kənddən çıxdı. Vaqon toz-torpaq, palçıq içində idi, axşamın ala-qaranlığında tərpənmədən dayanmışdı. Uşaqlar sağa-sola göz gəzdirdilər, ancaq, görünür, işçilər yox idilər. Relslərin üzərində dayanan vaqonu qorxa-qorxa itələdilər. Üç nəfərin gücü ilə vaqon yerindən tərpəndi, təkərlər qıcırdayaraq fırlanmağa başladı. Bu səs Röheyi yaman qorxutdu, amma ikinci cəhdlə içində bu qorxu keçib-getdi. Birlikdə itələyərək vaqonu yoxuşdan yuxarı çıxardılar.

 

İyirmi metr getmişdilər ki, yoxuş birdən-birə dikləşdi. Nə qədər əlləşdilərsə, vaqonu yerindən tərpədə bilmədilər. Üstəlik, elə o anda vaqon üzüaşağı sürüşməkdə idi. Röhey balaca dostlarına dedi:

 

— Ey, uşaqlar, minin vaqona!

 

Uşaqlar dərhal vaqona atıldılar. Üzü enişə gedən vaqon əvvəl yavaş-yavaş, sonra isə sürətlənərək yoxuşdan aşağıya doğru enməyə başladı. Vaqon inanılmaz sürətlə aşağı hərəkət edərkən qabaqlarındakı mənzərə sanki iki yerə bölünürdü. Röhey üzünə çırpılan axşam küləyinin təsiri ilə özünü unudub sevincdən uçurdu. Ancaq iki-üç dəqiqə sonra vaqon gəldiyi yerə qayıdıb dayandı.

 

— Uşaqlar, gəlin bir də itələyək, — deyə Röhey uşaqları həvəsləndirdi.

 

Birlikdə vaqonu yenidən təpəyə doğru itələyəcəkdilər ki, elə bu vaxt arxadan səs gəldi. Bu, ayaq səsi idi, yoxsa başqa bir səs? Uşaqlar bunun nə olduğunu hələ anlamamışdılar ki, arxadan kimsə acıqlı-acıqlı bağırdı:

 

— Axmaq uşaqlar! Sizə kim deyib ki, bu vaqonla oynamaq olar?!

 

Arxada dayanan adam ucaboy, başında mövsümlə uyuşmayan kepkası olan, köhnə pencəyinin yaxasında işlədiyi firmanın emblemi görünən, qazıntı işi aparan fəhlələrdən biri idi. Uşaqlar qorxudan elə qaçdılar ki, adamın kim olduğunu başa düşəndə artıq beş yüz-altı yüz metr uzaqda idilər.

 

O gündən sonra Röhey ona tapşırılan işi görüb evə qayıdarkən heç kim görməsə də, ikinci dəfə vaqona minməyə artıq cəsarət etmirdi. (İllər keçdikcə əhvalatın dəqiq təsviri hafizəsindən silinsə də, fəhlənin üzü və onun qaranlıqda o qədər də aydın görünməyən sarı həsir kepkası heç vaxt Röheyin yadından çıxmadı…)

 

Bu hadisədən haradasa on gün keçdi. Bir axşamüstü Röhey həmin inşaat yerinə tək getdi. Yenə vaqonların hərəkətini izləməyə başladı. Bu dəfə torpaq deyil, travers daşıyan bir vaqonun relslərin üzəri ilə yuxarıya doğru gəldiyini gördü. Vaqonları itələyənlər isə iki gənc fəhlə idi. Röheyin nədənsə birinci dəfədən həmin fəhlələrə qanı qaynadı, sanki onlarla rahat şəkildə dost ola bilirmiş kimi bir hiss ürəyini qızdırdı.

 

Öz-özünə:

 

— Bu insanlar məni danlayıb qovmazlar… — dedi və vaqonun yanına getdi.

 

— Əmi, olar, mən də itələyim?

 

Aralarında zolaqlı köynək geyinib başaşağı vaqonu itələməyə çalışan fəhlə dedi:

 

— Yaxşı, gəl itələ görək!

 

Bu, Röheyin gözlədiyi cavab idi. Tez özünü fəhlələrin arasına saldı və var gücü ilə vaqonu itələməyə çalışdı. Qulağının dibinə siqaretini qoyan fəhlə uşağı daha da həvəsləndirdi:

 

— Aferin sənə! Sən nə qüvvətli igidmişsən!

 

Artıq yol düzləşirdi. “Dayanın, daha itələməyə ehtiyac yoxdur!” — deyə xəbərdarlıq edəcəklərindən qorxan Röhey narahat idi. “İndi deyəcəklər, bu dəqiqə deyəcəklər” fikri ürəyini didirdi.

 

Fəhlələr bellərini bir az dikəldib dayandılar, sonra yenə itələməyə başladılar. Ancaq artıq Röheyin səbri tükənmişdi, odur ki güclə eşidiləcək səslə dedi:

 

— Olar, itələməyə davam edim?

 

— Əlbəttə, canım, olar… Niyə olmur?..

 

Hər iki fəhlə birdən demişdi bu sözləri. Röheyin qəlbi riqqətlə doldu: “Nə yaxşı insanlardır!”

 

Beş-altı yüz metr gedəndən sonra yoxuş yenidən dikləşdi. Olduqları məkanın hər iki tərəfi naringi bağı idi. Budaqların çoxu sapsarı meyvələrlə dolu idi. Röhey: “Yoxuşlar daha yaxşı idi mənim üçün, orada vaqonu istədiyim qədər itələməyə icazə verirdilər”, — deyə düşündü və vaqonu basdı.

 

Naringi bağlarından sonra yol aşağıya meyillənmişdi. Zolaqlı köynək geyinən fəhlə “minin!” deyən kimi Röhey özünü vaqona atdı. Vaqon üç yolçusu ilə naringi, portağal ətrini yararaq yoxuş aşağı hərəkət etməyə başladı. Röhey “vaqona minmək itələməkdən daha maraqlıdır” deyə hər kəsin düşündüyünü ürəyindən keçirərkən köynəyinin üstündən geyindiyi pencəyin ətəklərini külək yelləyirdi. Artıq başa düşürdü ki, nə qədər çox yoxuş çıxsalar, o qədər çox vaqona minəcəklər.

 

 

Bambuk kolluqlarına çatanda vaqon sakitcə dayandı. Üçü birdən güc verib vaqonu yenidən itələməyə başladılar. Getdikcə kolluqları meşəlik əvəz etdi. Hər tərəf ayaqlarının altındakı paslı relslərin belə üstünü örtən yarpaqlarla dolu idi, sanki yerə yarpaqdan xal döşənmişdi. Yoxuşun təpəsinə qalxdılar. Uçurumun ardından masmavi dəniz görünürdü, elə bil sərin sulardan örtük çəkilmişdi və həmin vaxt Röhey birdən-birə kənddən xeyli uzaqlaşdığının fərqinə vardı.

 

Dənizi sağ tərəfdə qoyub yenidən vaqona mindilər. Vaqon meşədə ağacların altı ilə sürətlə irəliləyirdi. Ancaq bu dəfə Röhey hey o qədər də sevinmirdi. Öz-özünə:

 

— Artıq evə qayıtsam, daha yaxşı olar… — deyə mızıldanırdı.

 

Vaqon yenə qayalıqlara açılan dağ keçidinin yamacındakı həsirdən düzəldilən bir çayxananın qarşısında dayandı. Fəhlələr içəri girdilər. Çay içərkən qundaqda körpəsi olan bir qadınla söhbətə başladılar. Röhey isə çox narahat idi, vaqona yaxınlaşıb ətrafında fırlandı. Sıçrayıb qurumuş palçıqla örtülməsinə baxmayaraq, vaqonun taxtaları zədəsiz idi.

 

Bir müddət sonra fəhlələr çay evindən çıxdılar. Mütəmadi olaraq qulağının üstündə siqaret gəzdirən fəhlənin artıq qulağının üstü boş idi, amma indi də əlində qəzetə bükülü nəsə var idi. Deyəsən, iki-üç dilim şirin külçə çörəyi idi. İşçi onu bayaqdan vaqonun yanında var-gəl edən uşağa — Röheyə uzatdı. Röhey soyuq şəkildə:

 

— Sağ ol! — dedi. Sonra etdiyi hərəkətin doğru olmadığını düşünərək nəzakət xatirinə külçənin bir dilimini götürdü və yaranan soyuqluğu aradan qaldırmağa çalışdı. Bu qəzetdən harada istifadə etmişdilərsə, kağızdan kerosin iyi gəlirdi, bu qoxu o qədər də xoş deyildi.

 

Röhey iyirmi altı yaşına çatanda arvadını və uşaqlarını götürüb Tokioya köçdü. İndi jurnal çap edən bir mətbəənin ikinci mərtəbəsində redaktor kimi fəaliyyət göstərir. Bəzən heç bir səbəb olmadan illər əvvəl uşaqlığında başına gələn bu hadisəni xatırlayır.

 

Heç bir səbəb olmadanmı? Xeyr… Dolanışıq dərdi ilə əlləşib-vuruşmaqdan təngə gələn bu adamı indi də yolunun üstündə dayanan, illər əvvəl olduğu kimi, qaranlıq meşələr və sərt yoxuşlar gözləyirdi.