Nağıllar, hekayələr

Xəlil Cibran. Qartal və torağay

Bir gün torağayla qartal təpənin üstündə qarşılaşdılar. Torağay:

 

— Hər vaxtınız xeyir, cənab, — dedi.

 

Qartal isə həqir baxışlarla onu süzdü, yavaşca, boğuq səslə salamını aldı:

 

— Hər vaxtın xeyir.

 

Sonra torağay qartalın hal-əhvalını öyrənmək məqsədilə söylədi:

 

— Ümid edirəm, hər şey qaydasındadır, cənab.

 

— Qaydasındadır, — deyə qartal cavab verdi. — Hər şey öz axarındadır. Ancaq sən bilmirsən ki, biz quşların şahıyıq və biz danışmasaq, sizin heç bir söz deməyə haqqınız yoxdur?

 

— Hamımızın eyni bir ailənin üzvü olduğunu düşünürəm, — deyə torağay cavab verdi.

 

Qartal ikrah dolu gözləri ilə torağaya yuxarıdan aşağı baxıb belə söylədi:

 

— Bizim eyni ailədən olduğumuzu sənə kim deyib?

 

Torağay cavab verdi:

 

— Sizə xatırlatmaq istəyirəm ki, mən də sizin kimi yüksəklərdə uça bilirəm, hələ üstəlik, cəh-cəh vuraraq yer üzündəki bütün canlı aləmə xoşbəxtlik bəxş etməyi bacarıram. Siz isə nə zövq, nə də xoşbəxtlik hissi verirsiniz.

 

Qartal qəzəbləndi, ona acıqlandı:

 

— Zövqə, xoşbəxtliyə bir bax! Sən, ey yerini bilməyən məxluq! Səni dimdiyimin bir zərbəsi ilə yox edərəm ha! Sən mənim bircə ayağım boydasan!

 

Qartaldan bu cür kobud, təhqiramiz sözlər eşidən torağay özünü saxlaya bilməyib, uçub qartalın kürəyinə qondu və dimdiyi ilə onun tüklərini bir-bir yolmağa başladı. Onsuz da əsəbiləşən qartal indi lap cin atına mindi. Bu bapbalaca quşu kürəyindən atmaq ümidi ilə sürətlə səmaya uçdu, ən yüksəklərdə qanad çaldı, ancaq istəyinə müvəffəq olmadı. Nə qədər çalışdısa, torağay onu buraxmadı. Lap axırda kürəyindəki balaca quşla birlikdə həmişəkindən də acıqlı halda taleyinə lənətlər yağdırmağa başladı və yenidən təpənin üstünə qondu.

 

Elə bu vaxt kiçik bir tısbağa gəlib çıxdı və gördüyü mənzərə qarşısında özünü saxlaya bilmədi, qəhqəhə çəkib ucadan gülməyə başladı. Elə gülürdü ki, az qalmışdı tərs çevrilsin.

 

Qartal indi də həqir baxışlarını tısbağaya zillədi, qəzəblə dedi:

 

— Sən, ey torpağın üstündə ağır-ağır sürünən məxluq! Nə var?! Nəyə gülürsən?!

 

Tısbağa özünü güclə toparlayıb:

 

— Görürəm, ata dönmüsən, üstündə səni çapan balaca bir quş var və o səndən daha fərasətlidir, — deyib yenə güldü.

 

Qartal özünü tox tutub ona belə cavab verdi:

 

— Get, öz işinlə məşğul ol! Bu qardaşım torağayla mənim aramda olan ailə məsələsidir. Ailəmizin işlərinə burnunu soxma.