Mövlana Cəlaləddin Rumi. Padşaha su hədiyyə edən adam
Vaxtilə Bağdadda bir xəlifə var idi ki, comərdliyi dillərdə dastan olmuşdu. Ondan kömək diləyənləri gülərüzlə qarşılayar, səxavətlə istədiklərini verərdi. Bu xəlifənin şəhərindən çox uzaq bir səhrada yoxsul bir kişi yaşayırdı. Arvadı hər axşam ona dərdini danışar, kasıblıqdan, imkansızlıqdan şikayətlənərdi:
— Hər kəs bolluq içində yaşayır. Biz isə bir tikə çörəyə möhtacıq.
Əri də ona səbirli olmağı məsləhət görərdi:
— Onsuz da ömrümüzü yarılamışıq, halımıza şükür etməliyik. Özü də o qədər pis vəziyyətdə deyilik.
Ancaq kişinin bu sözləri arvadına kar etməzdi:
— Bunlar boş sözlərdir. Həm yoxsulsan, həm də özündənrazı. Özünü sevmək çox pis şeydir. Üstəlik, kasıbların özündənrazı olması heç də yaxşı hal deyil.
Qadının hər gün təkrar-təkrar söylədiyi sözlər, axır ki, kişiyə öz təsirini göstərdi və o, yoxsulluqdan qurtulmaq üçün nəsə etmək lazım gəldiyini başa düşdü. Amma nə edəcəyini bilmirdi. Arvadından məsləhət almaq istədi:
— Bir halda ki, bu kasıblıqdan qurtulmaq istəyirik, onda bəs nə edə bilərəm? Sən nə məsləhət görürsən?
Qadın comərd xəlifə haqqında çox eşitmişdi. Odur ki, belə dedi:
— Xəlifənin yanına get, o səni əliboş qaytarmaz.
Kişi:
— Yaxşı, ancaq böyüklərin hüzuruna əliboş getmək də bizə yaraşmaz. Ona nə aparım? — deyə soruşdu.
Arvad düşüncəyə daldı, birdən ağlına yaxşı bir fikir gəldi:
— Ona bir dəsti su apar. Bizim bu səhrada sudan dəyərli heç nəyimiz yoxdur. Əminəm ki, heç xəlifə də hələ bu qədər şirin su dadmayıb.
Yazıq arvad bilmirdi ki, xəlifənin yaşadığı Bağdad şəhərindən suları şipşirin Dəclə çayı axır. Elə zənn edirdi ki, səhradakı kimi orada da su qıtdır.
Əri bu fikri çox bəyəndi, tez bir dəsti götürüb səhranın ən yaxşı quyusundan su ilə doldurdu, ağzını bərk-bərk bağladı. Yolboyu xətər dəyməsin deyə dəstini keçəyə büküb yola düşdü. Arvadı isə dua edib ona möhkəm-möhkəm tapşırdı ki, dəstidən muğayat olsun, oğrulara, quldurlara qapdırmasın. Kişi yolda çox ehtiyatla davranır, gözünü dəstidən heç çəkmir, arvad da suyun ünvanına çatması üçün dualar edirdi.
Nəhayət, kişi sağ-salamat Bağdada gəlib çatdı. Rəsmi libas geyinmiş bir nəfəri görüncə onun yanına gedib xəlifənin sarayının yerini soruşdu. Kişinin yoxsul olduğu üz-gözündən, geyim-keçimindən açıq-aşkar bilinirdi. Nəzarətçilər dərhal onu yanlarına salıb saraya apardılar, çünki xəlifənin adamları da özü kimi comərd, xeyirxah və təvazökar idilər. Kişi xüsusi sevgi və qayğı ilə gətirdiyi dəsti dolu suyu xəlifəyə çatdırmaq məqsədilə onlara verdi. Özü isə dəstini salamat gətirmək üçün yardımçı olan Allaha sonsuz şükürlər edirdi:
— Çox şükür, — deyirdi, — bu dəyərli hədiyyəyə xətər toxunmadan sahibinə çatdırdım. Arvadım bilsə, çox sevinəcək.
Bu vəziyyətdən üzləşən xəlifənin adamları kişi pərt olmasın deyə özlərini gülməkdən güclə saxladılar və yoxsul qonağa heç nə hiss etdirmədən hədiyyəni götürdülər. Adamlar onu dincəlmək üçün qonaq otağına apardılar, qarnını doyurdular, sonra da gətirdiyi hədiyyəni — su ilə dolu dəstini xəlifənin hüzuruna qoydular. Kişinin səmimi davranışı xəlifəyə xoş təsir bağışladı. Dəstini göstərib adamlarına dedi:
— Bu dəstini qızılla doldurun. Özü və ailəsi üçün paltarlar verin. Amma onu evinə mütləq Dəclə çayı üzərindən yola salın ki, artıq əziyyət çəkməsin. Bu yol daha qısadır.
Xəlifənin adamları əmri yerinə yetirmək üçün yoxsul kişinin yanına qayıdaraq:
— Xəlifənin sənə salamı var, — deyib qızılla dolu dəsti və bir çox hədiyyəni ona verdilər. Sonra da xəlifənin buyurduğu kimi onu Dəclə çayında hərəkət edən gəmiyə mindirib yola saldılar. Kişi gəmiyə minib Dəclə çayını görüncə gətirdiyi hədiyyəyə görə çox utandı.
Öz-özünə:
— O böyük xəlifə gör nə qədər comərd adam imiş, — dedi. — Mənim gətirdiyim suyu dəyərli bağış kimi qarşılayıb məni xəcil etmədi. Üstəlik də bu qədər qiymətli hədiyyələr verdi.
03.07.2026