Bayram Həsənov. Heyva
Payız çoxdan girmişdi. Əli ilə Vəli bağda oynayırdılar. Ağaclar yavaş-yavaş yaşıl donunu soyunur, saralmış yarpaqlar yerə döşənirdi. Uşaqlar da bir yandan yarpaqların axarına daş atırdılar. Onlar ağaclara dırmaşdıqca, yarpaqlar kəpənək kimi havada uçuşurdu. Axırda uşaqlar yorulub əldən düşdülər. İkisi də çayın kənarındakı heyva ağacının altında oturdu. Enli yarpaqlar yorğan kimi yeri örtmüşdü. Uşaqlar xəzəlin üstündə gillənməkdən ləzzət alırdılar. Bu ara çaya əyilən budağın ucunda Əlinin gözünə bir heyva sataşdı. O, sevinclə ayağa qalxıb:
— Vəli, ona bax, — deyə əlini saralmış yarpaqlardan zorla seçilən heyvaya uzatdı.
Vəli də yerindən sıçrayıb o göstərdiyi tərəfə baxdı. Ancaq Əli yoldaşına göz açmağa imkan vermədi.
— Özüm dərəcəyəm, — deyə əlinə keçəni heyvaya sarı atmağa başladı.
— Dəymə, suya düşər. Qoy mən ağaca çıxım, dərim, — deyə Vəli nə qədər üz vurdusa, Əli qulaq asmadı. O, daş-kəsəyi heyvaya tərəf dolu kimi yağdırırdı. Vəli işi belə görəndə acığa düşüb cəld ağaca dırmaşdı. Budağın üstünə çıxanda Əlinin atdığı daş heyvanı saplağından üzdü. Heyva şappıltı ilə suya düşdü və gözdən itdi. Əlinin tərsliyi üzündən heyva heç birinə qismət olmadı.
02.07.2026