İlyas Əfəndiyev. Qarı dağı
Şəhər otuz doqquz gün mühasirədə qalaraq uzaq məmləkətdən gələn şahın qoşunu ilə vuruşdu. Qırxıncı gün şahın iyirmi yaşlı oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu.
Yerli əhalinin inadından və təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi. Taygöz Yusif şəhərin sağ qalmış yeddi min əhalisini uşaqdan böyüyə qılıncdan keçirdi. Evlər dağıldı. Qan su yerinə axdı.
Üçgünlük qırğından sonra şah şəhərdən çıxıb yaşıl bir təpə üstündə çadırlar qurdurdu. Üç gün, üç gecə şadyanalıq etməyi, qalibiyyət badələri qaldırmağı qoşun əhlinə əmr etdi. Yetmiş yeddi şeypur şahlar şahının qələbəsi şərəfinə gurladı. Lakin elə bu vaxt şahın qorxunc vəziri Taygöz Yusif içəri girib, hökmdarın hüzurunda yerə qədər təzim etdi. Şah:
- Hardasan, vəzir?! — dedi. - Yoxsa mənim qələbəmin təntənəsi sənin üçün mənasızdır?
Taygöz Yusif bir daha yerə qədər təzim edib:
- Qibleyi-aləm, - dedi, - mən aciz Yusif sənin sadiq qulunam. Şahlar şahının hüzuruna gecikməyimin səbəbi var. Oğlun Maliktac xəstələnmişdir.
- Nə danışırsan, vəzir! - deyə şah ayağa qalxdı.
Şahzadə Maliktac qonşu çadırda qızdırma içində yatırdı. Hökmdar vəzirin müşayiəti ilə çadıra daxil oldu, əlini onun alnına qoydu:
- Oğlum, Maliktac! - deyə həyəcanla səsləndi.
Lakin xəstədən cavab gəlmədi. Şah rəngi ağarmış halda üzünü vəzirə sarı çevirib, qorxulu və titrək səslə:
- Bu saat hər tərəfə çaparlar göndərilsin, - dedi. - Qoy dünyanın bütün biliciləri buraya toplansın.
Səhəri vəzir qayıdıb:
- Qibleyi-aləm, - dedi, - şəhərdə ancaq tək-tək qocalar, uşaqlar qalıb, qırılan qırılıb, sağ qalanlar da gecə ikən meşələrə qaçıb. Çox axtarandan sonra bir falçı qarıya rast gəldik.
Şah qəzəblə soruşdu:
- Bəs falçı nə oldu?
- Gəlmədi. Şahzadənin yanına gətirilməsini istədi.
- Aha! - deyə şah kibrlə gülümsədi.
- Mən onu ocağa atdırıb yandırardım, qibleyi-aləm, ancaq...
Şah vəzirin sözünü kəsib:
- Taxt-rəvan hazırlansın, - deyə əmr etdi.
Hökmdar öz rəiyyəti ilə birlikdə insan cəsədləri ilə dolu xaraba küçələrdən keçib balaca bir komanın qabağında dayandı.
Şahzadəni ehtiyatla içəri gətirdilər. Yarımqaranlıq evin içində ucaboylu bir qarı durmuşdu. Şah daxil olan zaman o, yerindən qımıldanmadı, təzim etmədi, bir heykəl sükunəti ilə dayanıb durdu.
Şah keçib xəstənin baş tərəfində qoyulmuş döşək üstündə əyləşərək:
- Qarı, - dedi, - deyirlər, sən sağalmaz dərdlərə dəva edirsən. Budur, mənim oğlum Maliktac od tutub yanır. Səndən əlac istəyirəm, qarı. Əgər onu sağaltsan, evinin dirəklərini qızıla tutduracağam. Əgər xəyanət etsən, cəhənnəm kimi zəbanə çəkib yanacaqsan.
Qarı:
- Mən anayam, - dedi.
Sonra dağlara gedib, bir ətək çiçək gətirdi. Onların şirəsini çəkib qaşıq- qaşıq xəstənin boğazına tökdü. Gecə-gündüz yanından tərpənmədi.
Şəhərdə sağ qalmış yerliləri ona lənət yağdırdılar. Güneylərdə oturan qocalar onu gördükdə gözlərini endirib ayaqlarının ucuna baxdılar, yadellilərin nəzərindən İraq yerdə görüşən arvadlar başlarını bulayıb:
- Eh, Ballı qarı imansız oldu, - dedilər.
Qarı həmyerlilərinin bütün bu nifrətini sükutla qarşılayır, hər gün dağlara gedir, qucaq-qucaq çiçək gətirir, xəstəni müalicə edirdi. Axı o, ana idi...
Nəhayət, yeddi gündən sonra şahzadə gözlərini açıb yemək istədi. On birinci gün isə onun tamamilə sağalıb ayağa qalxdığını xəbər verdilər.
Şah falçıya bir kisə qızıl verib:
- Qarı, - dedi, - çiçəklərin hikmətini aç, mənə söylə.
Qarı başını bulayıb:
- O sirri mən heç kəsə aça bilmərəm, hökmdar, - dedi. - Ancaq oğluna o çiçəklərdən çəkilmiş elə dərman verərəm ki, bir də azar üzü görməz.
Bu sözlərdən sonra qan qızılgül rəngli maye ilə dolu bir kasa gətirdi. Şah kasanı alıb burnuna tutdu:
- Bu, müşkdür, ənbərdir, nədir, qarı? Ətri insanı bihuş edir.
- O, dünyanın ən nadir çiçəklərindən çəkilib, - deyə qarı cavab verdi.
Hökmdar dərmanı yarısına qədər özü içib, qalanını da oğluna verərək:
-And içirəm ki, mən ömrümdə bu şirinlikdə şərbət içməmişəm, - dedi, - Bu çiçəklərin sirrini mənə də öyrət.
- Atılan ox bir daha geri qayıtmaz, hökmdar, hər dəqiqənin bir hökmü var, - deyə Ballı qarı dilləndi.
Şahzadə qalan şirəni son damlasına qədər içib, kasam qarıya qaytardığı zaman falçı rahat nəfəs aldı.
Bu zaman şah mədəsində hiss etdiyi dəhşətli ağrıdan sarsıldı, əl atıb vəzirin çiynindən yapışdı. Elə bu anda şahzadə də kökündən qırılmış sərv kimi silkələnib arxasında dayanmış qara qulun qucağına aşdı.
- Zəhər! - hökmdarın sinəsindən vəhşi bir səs qopdu.
- Bəli, zəhər... - deyə Ballı qarı arxayınlıqla təkrar etdi.
Şah yerdə ilan kimi qıvrılan oğluna baxıb:
- Qarı, - dedi, - heç olmasa, oğluma bir çarə elə. Axı sən onu ölümdən qurtarmışdın, axı sən deyirdin, mən anayam.
- Bəli, qibleyi-aləm! - deyə Ballı qarı ah çəkdi. - Mən anayam!..
Şah ilə oğlu dəhşətli əzablardan sonra öldülər...
Taygöz Yusifin əmri ilə qarını öz otağında qoyub qapını bağladılar. Sonra qoşun əhlinin hər biri onun koması üzərinə bir at torbası torpaq tökdü, qarının koması üstündə hündür bir təpə qalxdı. Yağan yağışlar onun torpağını bərkitdi. Gələn bahar təpədə san tikanlı boz qanqallar bitdi. Təpəyə “Qarı dağı” dedilər.
01.07.2026