Nağıllar, hekayələr

Əziz Sultan. Aslan heyvanları sınayır

Bir gün aslan meşədəki heyvanları başına yığıb söhbət edirdi:

 

– Kim deyər, yalan nəyə bənzəyir? – aslan yüngülcə nərildəyərək sual verdi.

 

Heyvanlar bir-bir fikirlərini bildirdilər.

 

Bir neçə heyvan oturduğu yerdən dilləndi, yalanın heç də yaxşı bir şey olmadığını dedi. Bundan sonra səhnəyə ayı çıxdı. Qoltuğuna vurub gətirdiyi böyük bir ağac kötüyünü yerə atıb fikrini bildirdi:

 

– Şah sağ olsun, – dedi, – yalan gördüyünüz bu çürük ağac kötüyü kimidir. İçi boşdur, kökü yoxdur. Özü də meyvəsiz və xeyirsizdir.

 

Heyvanlar bu fikri bəyənib alqışla qarşıladılar.

 

Ondan sonra səhnəyə tülkü çıxdı. Tülkü ağzında iki dənə balaca quş yumurtası gətirmişdi. Onları yerə qoyduqdan sonra üstündən bir o tərəfə, bir bu tərəfə keçdi, quyruğu ilə elə oyunlar çıxardı ki, yumurtalar gözəgörünməz oldu. Sonra üzünü aslana tutub:

 

– Şah sağ olsun, – dedi, – yalan həqiqətin üstünü örtən toz kimidir. Ömrü uzun olmaz. Gün gələr, güclü bir külək tozu sovurar və həqiqət ortaya çıxar.

 

Bunu deyərkən quyruğunu bircə dəfə elə bərk yellədi ki, yerdəki toz-torpaq havaya sovruldu və ağappaq yumurtalar ortaya çıxdı. Bu səfər daha gur alqış səsləri eşidildi.

 

Tülküdən sonra səhnəyə canavar çıxdı. Ağzında gətirdiyi ölü heyvan cəmdəyini ortaya qoyub:

 

– Şah sağ olsun, – dedi, – yalan ölü heyvanın əti kimidir. Tez bir vaxtda leş kimi iylənər, hamı ondan narahat olar. Eşidənlər, qoxusunu duyanlar iyrənib diksinərlər.

 

Bunu eşidən heyvanlar həqiqətən diksinib üzlərini yana çevirdilər. Yenə də başlarını yırğalayıb canavarın dediklərinin doğru olduğunu uğultulu bir səslə təsdiq etdilər.

 

Bu uğultunu aslanın meşəni lərzəyə gətirən nərəsi kəsdi:

 

– Susun!..

 

Meşəyə səssizlik çökdü. Təkcə xışıldayaraq küləklə söhbət edən yarpaqların pıçıltısı və heyvanların həyəcanla döyünən ürəklərinin guppultusu eşidilirdi. Aslan nərildəyib sözünə davam etdi:

 

– Yalan haqqında dediklərinizin hamısı doğrudur. Elə isə deyin görüm, yalan bu qədər çirkindirsə, niyə hələ də bəziləriniz yalan danışır?

 

Tülkü dünən heç kəsin yuvasına girmədiyini demişdi. Canavar isə neçə gündür yemək tapmadığını deyib şikayətlənmişdi. İkisi də yalan danışmışdı. İndi bilmirdilər ki, necə etsinlər, aslanın gözünə görünməsinlər…

 

Tülkü yavaşca yerini dəyişib ayının arxasında gözdən itdi. Canavar isə bir anlıq çaşqınlıqla büzüşüb kirpinin arxasına sığındı, kiçilməyə çalışdı. Baxdı ki, yox, alınmır. Başını gizlətsə də, bədəni və quyruğu çöldə qalır. Gizlənmək onun işi deyildi. Dik oturub başını əydi. Gözlərini pəncələrinə dikdi.

 

Tülküdən və canavardan başqa hamı gözlərini bərəldib aslana lal-dinməz baxmağa başladı. Səssizliyi incə bir vızıltı səsi pozdu. Balaca bir bal arısı ayağında gətirdiyi kiçik şan parçasını aslanın qabağına qoyaraq dedi:

 

– Şah sağ olsun, yalan bu şanın içindəki bal kimidir. Dadı çox şirindir, hər kəs ondan istifadə edərək öz işində karlı çıxmaq istəyər.

 

Aslan bu cavabı daha çox bəyəndi. Amma digər heyvanlar yalanı sevdiklərini qəbul etmək istəmirdilər. Odur ki, arı ilə razılaşmadılar. Aslan onları sınamaq üçün dedi:

 

– Elə isə növbəti sualıma cavab verin! Tapın görüm, həqiqət nəyə bənzəyir?

 

Heyvanlar maraqlı bir cavab tapmaq üçün ətrafa səpələndilər. Bir azdan geri qayıdan heyvanlar tapa bildikləri ən gözəl meşə nemətlərini təqdim etdilər.

 

Ayı pəncəsini bala batırıb gəldi:

 

– Həqiqət bu baldan daha şirindir, – deyib pəncəsini yaladı.

 

Tülkü bir qucaq rəngli göbələk yığmışdı:

 

– Həqiqətin rəngi bu göbələklərin görünüşündən daha gözəldir, – dedi və gözlərini qıyıb quyruq buladı.

 

Canavar isə tər çiçəklərdən bir dəstə yığıb gətirdi:

 

– Həqiqətin ətri bu çiçəklərin ətrindən daha gözəldir, – deyib məğrur səslə uladı.

 

Digər heyvanlar da ən çox bəyəndikləri güllərdən, meyvələrdən gətirmişdilər.

 

Bir azdan arı da gəlib çıxdı, amma onun əlində heç nə yox idi. Aslan arıya səsləndi:

 

– De görüm, sən niyə əliboş gəldin?

 

Arı belə dedi:

 

– Şah sağ olsun, həqiqət bax mənim bu iynəm kimidir.

 

Bunu deyərkən əyilib bir əli ilə öz iynəsini göstərdi.

 

– Əgər istəsəm, həqiqəti haqsız olan birinə göstərərəm. Həqiqəti istəməyən ondan qaçar. Çünki doğrunun ortaya çıxması yalançıya iynə batmış kimi acı verər.

 

Bu cavab bir anda böyük gülüşmələrə səbəb oldu. Gülüşmələr bir azdan gurultulu alqışlara çevrildi. Bütün heyvanlar bu cavabı çox xoşlamışdı. Aslan da cavabı bəyənib nərildədi və diqqətlə alqış tutan heyvanlara baxdı. Tülkü ilə canavar utandıqlarından çoxdan yoxa çıxmışdılar.