Nağıllar, hekayələr

Gültəkin Cəfərova. Zəfər Günəşi

Kiçik yaşlarından davranışlarından vətənpərvər olduğu hiss olunurdu. Anasının göndərdiyi hər işə əlində oyuncaq avtomat əsgər marşını oxuya-oxuya gedəndə onun hələ beş yaşı olardı. Böyüdükcə içindəki milli ruh, ədalət hissi də böyüyürdü. Düşməni əzmək, torpaqları işğaldan azad etmək istəyi "Torpaq, uğrunda ölən varsa, Vətəndir" misralarını Nurlanın həyat devizinə çevirmişdi.
 
 
...Nurlan oyuncaqları ilə oynasa da, diqqəti atasının söhbətlərində idi. Birinci Qarabağ müharibəsi iştirakçısı olan atası dostları ilə keçdiyi döyüş yollarını xatırlayır, torpaqların azad edilməsi uğrunda canını fəda etməkdən qorxmayan cəsurlardan danışırdı. Torpaqların itirilməsi onları çox üzürdü.
 
 
Heç kimin gözləmədiyi halda Nurlan qəfildən dedi:
 
- Üzülmə, ata. Vaxt gələr, sizin ala bilmədiyiniz torpaqları biz alarıq.
 
 
Bu hadisədən illər keçdi.
 
 
Ermənilərin sərhədyanı zonalarda vəziyyəti gərginləşdirməsi Nurlanı çox narahat edirdi. Onların özbaşınalıqları hər kəsin səbir kasasını doldurmuşdu. Hamı Vətən üçün, torpaq üçün ayağa qalxmağa hazır idi. Sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan ordusu əkshücuma keçdi. Ali Baş Komandanın "İrəli!" əmri bütün gəncləri ayağa qaldırdı. Bu əmr Nurlanın da ürəyindən oldu. Nəhayət, torpaqlarımız azadlığa qovuşacaqdı. Nurlanın hələ uşaq ikən atasına verdiyi sözü həyata keçirməyin zamanı idi. Bilirdi ki, arzusuna çatacaq. İradəsi, əzmi, daxilindən gələn vətən yanğısı, özü kimi neçə-neçə yaşıdının vətənə sevgisi torpaqların azad ediləcəyinə onda güclü inam yaratmışdı.
 
 
Ordumuzun hücum xəbərlərini eşidən gənc çağırış gözləmədən hazırlaşmağa başladı. Valideynləri, doğmaları həyəcan keçirsə də, onu yoldan saxlamaq haqqında heç düşünmədilər də. Çünki onun illərlə ürəyində yaşatdığı və böyütdüyü arzusunu bilirdilər.
 
 
Yola çıxmazdan əvvəl Nurlan çox sevdiyi qızı Nurayı qucağına aldı. Saçlarını oxşadı. Üzünə baxmağa cəsarət etmədi. Onu anasına verdi. "Öncə Vətən", - deyib evdən çıxdı.
 
 
II
 
Hərbi hissədə bölgü aparılan zaman Nurlan həmlə taborunda xidmət etmək istədiyini bildirdi. O, hərbi xidmətdə olduğu dövrdə Müdafiə Nazirliyinin xüsusi təlimlərində iştirak etmiş və bu təlimləri uğurla başa vuraraq leytenant rütbəsi almışdı. Komandiri bu ağıllı, tədbirli gəncdən arxa cəbhədə yararlanmağı düşünürdü. Lakin Nurlan önə can atırdı.
 
 
Nurlan tabora taqım komandiri təyin edilmişdi. Ən çətin anlarda vəziyyəti təhlil edərək düzgün qərarlar verməsi bir neçə əməliyyatın uğurla başa çatmasına səbəb olmuşdu. Tabora Füzuli istiqamətində irəliləmək əmri verilmişdi. Düşmən yüksəkliklərdə mövqe tutsa da, azərbaycanlı gənclərin yenilməzliyi qarşısında müqavimət göstərə bilmirdi.
 
 
Bütün çətinliklərin öhdəsindən layiqincə gələcəklərinə hər kəsdə güclü inam var idi. Sevincləri də, kədərləri də bir idi. Bir-birlərinə inamları da sonsuz idi. Nurlan döyüş tapşırıqlarını dəqiq yerinə yetirməklə yanaşı, yoldaşlarını da qorumağa çalışırdı. Lakin böyük qələbələr qurbansız olmur. Bəzən gözləri önündə yoldaşlarının şəhid olması onları göz yaşlarına boğsa da, ruhdan düşmür, məqsədlərinə çatmaq üçün döyüş əzmləri və düşməndən qisas almaq hissləri daha da artırdı.
 
 
Cəbrayıl uğrunda gərgin döyüşlər gedirdi. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilmiş, zirehli texnikası sıradan çıxarılmışdı. Nurlanın rəhbərlik etdiyi tabor qızğın döyüşlərdə iştirak etməklə yanaşı, neçə-neçə yaralı əsgərin döyüş meydanından çıxarılmasına, ilk tibbi yardım göstərilməsinə kömək edirdi. Bu qədər odun, alovun içində bir nəfər də olsun geri çəkilmək haqqında düşünmür, hər anı ölüm, təhlükə olsa da, addım-addım qələbəyə doğru irəliləyirdi. Yaralanıb döyüş qabiliyyətini itirənlər belə tezliklə sağalıb cəbhəyə qayıtmağa can atırdılar.
 
III
 
Oktyabrın sonları idi. Havalar soyumuşdu. Dağlıq ərazilərdəki dumanlı- çiskinli hava şəraiti bəzən döyüşçülərin planlarını dəyişməyə məcbur edir, yeni əməliyyat planları hazırlayırdılar. Nurlana mühüm strateji məntəqənin alınması tapşırığı verilmişdi. Hücumun taktikasını və başlanma anını Nurlan müəyyən etməli idi. Hər yeri bürümüş duman daha da qatılaşırdı. O, üzünü döyüşçülərinə tutub dedi:
- Vaxt itirmək olmaz, yavaş-yavaş hərəkət etməliyik. Yəqin ki, düşmən bizi belə havada gözləməz.
 
 
Heç kəs etiraz etmədi. Çünki Nurlana etibar edirdilər. Bilirdilər ki, yüz ölçüb, bir biçən komandir hücum üçün dəqiq plan işləyib hazırlayıb.
 
Döyüşçülərimiz elə mövqe seçmişdilər ki, düşmən bu keçilməz qayalıqlardan hücum ediləcəyini əsla güman etməzdi. Nurlan da məhz düşmənin ağlına gəlməyəni etməyə çalışırdı. Artıq hava açılmağa başlamışdı.
 
- Öhdəsindən gələrik, - Nurlan təmkinlə bildirsə də, bir anlıq narahatlıq keçirdi. Bu qədər insanın taleyi ondan asılı idi. Lakin özünü toplayaraq qərar verdi: taqımın bir hissəsi burada qalır, özü isə bir neçə yoldaşı ilə məntəqənin giriş hissəsindəki meşəliyə doğru yollanır.
 
 
Məqsəd düşməni azdırmaq idi. Atəş səslərinə aldanan düşmən bütün gücünü meşəyə yönəltdi. Qayalıqdakı əsgərlər məntəqəyə hücuma keçdilər. Düşmənin say üstünlüyünə və əraziyə hakim olmasına baxmayaraq, iki saat ərzində məntəqə tam ələ keçirildi. Lakin Nurlan ayağından yaralandı. Qələbə sevincinin təsirindən ağrıları unutsa da, çox keçmədi ki, halı pisləşdi. Ayılanda özünü xəstəxanada gördü. Gözünü açan kimi həkimə dedi:
 
- Nə olursa, olsun, getməliyəm, - deyib Nurlan ona əmanət edilmiş bayrağı həkimə göstərdi.
 
 
Nurlan yenidən cəbhəyə qayıtdı, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdi. Qələbə yolu onu Şuşaya qədər gətirib çıxardı. Azərbaycan bayrağının Şuşada dalğalanmasına lap az qalmışdı. Bayrağın Şuşa səmasında görünməsi bütün şəhidlərin ruhunu şad edəcəkdi. Atasına da verdiyi sözün üstündə durmuşdu. Onu müjdələmək üçün səbirsizlənirdi.
 
Qələbə lap yaxında idi.
 
Noyabr idi. Növbəti döyüşlərin birində Nurlan vuruldu. Son anda Şuşa səmasında dalğalanan Azərbaycan bayrağına baxıb sevinclə gülümsədi. Gözləri doldu. Çünki bu bayraq bir zəfər günəşi kimi parlayırdı. O qədər güclü idi ki, gələcəyə də işıq saçırdı.