Nağıllar, hekayələr

Sonuncu dərs

1875-ci ilin payız günü idi. Həmin gün mən dərsə gecikirdim və danlanacağımı bildiyim üçün çox qorxurdum. Doğrusu, dərsə də hazır deyildim. Bir anlığa ağlıma gəldi ki, məktəbə getməyim. Amma qorxuya üstün gələ bildim və məktəbə tələsdim.
 
 
Meriyanın qarşısından qaçarkən gördüm ki, camaat elanlar asılmış lövhənin qarşısına yığılıb. Son iki ildə bu lövhədə biz ancaq xoşagəlməz xəbərlər oxuyurduq: məğlub edildiyimiz döyüşlər, komendantın əmrləri... Mən qaça-qaça fikirləşdim: “Görəsən, yenə nə yazıblar?”
 
 
Adətən, dərsin əvvəlində sinifdə elə səs-küy olur ki, küçədə də eşidilir. Hamı bərkdən dərsini təkrarlayır, müəllim çubuğunu masanın üstünə vuraraq şagirdləri sakitləşdirməyə çalışır. Mən bu qarışıqlıqdan istifadə edərək yavaşca yerimə keçmək niyyətində idim. Amma bu gün sinif qəribə bir sükuta qərq olmuşdu. Bu lal sükut içərisində qapını açıb içəri girmək, təsəvvür edirsiniz, necə çətin idi? Lakin cənab Amel mənim üzümə baxıb mülayim səslə dedi:
 
– Keç yerinə, mənim balaca Fransım. Biz artıq sənsiz başlamaq istəyirdik.
 
 
Mən tələsik yerimdə oturdum. Arxa partalarda kənd ağsaqqallarının əyləşdiyini görüb xeyli təəccübləndim. Onların hamısının sifətində qəmgin ifadə var idi.
 
Cənab Amel aramla sözə başladı:
 
– Uşaqlar! Bu gün mən sizinlə sonuncu dəfə məşğul oluram. Berlindən əmr gəlmişdir ki, bizim əyalətin məktəblərində yalnız alman dili tədris olunsun... Yeni müəlliminiz sabah gəlir. Bu gün isə sizin sonuncu ana dili dərsinizdir. Xahiş edirəm, çox diqqətli olun.
 
 
Onun sözləri məni sarsıtdı... Ah, yaramazlar!.. Demək, bu imiş meriyanın divarında asdıqları elan!
 
Sonuncu ana dili dərsi!.. Mən öz dilimdə düz-əməlli yaza da bilmirəm! Deməli, heç vaxt öyrənə bilməyəcəyəm də! Elə belə də yaşamalı olacağam! Mən itirilmiş vaxta görə, ağacların başında quş yuvaları axtarmaq, donmuş çayda sürüşmək xatirinə buraxılmış dərslərə görə necə də heyifsilənirdim! Bu günəcən mənə darıxdırıcı görünən kitablar – qrammatika, tarix indi sanki köhnə dostlar kimi əziz idi. Onlardan ayrılmaq mənə necə də ağır gəlirdi. Hələ cənab Amel! Müəllimimi bir daha görməyəcəyimi düşünəndə onun danlaqları da, cəzaları da unuduldu.
 
Mən bizim kənd qocalarının səhər tezdən məktəbə yığışmalarının səbəbini də başa düşdüm. Bununla onlar sanki qırxillik sədaqətli xidmətinə görə müəllimə minnətdarlıqlarını bildirir və əllərindən alınan Vətənə son borclarını verirdilər...
 
Adımın çəkilməsi düşüncələrimi yarımçıq kəsdi. Müəllim məni lövhəyə çağırdı. İlahi, bu gün dərsimi heç bir səhv buraxmadan danışmaq üçün nələrdən keçməzdim. Lakin mən elə ilk kəlmələrdəcə çaşdım, başımı aşağı salıb susdum. Bu zaman cənab Amel danışmağa başladı:
 
– Mən səni danlamayacağam, Frans. Sən onsuz da kifayət qədər cəzalandırılmısan... Bax sən hər gün fikirləşirdin: “Hara tələsirəm? Sabah hamısını öyrənərəm”. Sonra isə görürsən, nələr olur? Sən bu xalqın nümayəndəsisən, amma doğma dilində nə yaxşı danışmağı, nə də düzgün yazmağı bacarırsan. Sonra cənab Amel ana dili barədə danışmağa başladı. O deyirdi ki, hər bir insan üçün dünyada ən gözəl, ən məlahətli dil doğma dilidir, onu qoruyub saxlamaq lazımdır. Nə qədər ki əsarət altına alınmış xalq öz dilini dərindən bilir, o sanki öz zindanının açarını əlində saxlayır...
 
 
Sonra müəllim kitabı əlinə alıb dərsə başladı. Mən onun bütün dediklərini çox gözəl başa düşürdüm. Buna özüm də mat qalmışdım. Görünür, əvvəllər mən müəllimə heç vaxt belə diqqətlə qulaq asmamışdım. Müəllim də heç vaxt dərsi belə aydın, hövsələ ilə izah etməmişdi. Zavallı qoca sanki getməmişdən əvvəl bütün bildiklərini bizə vermək istəyirdi.
 
 
Sinifdə tam sakitlik hökm sürürdü. 
 
 
Pəncərədən sinfə doluşan mayböcəklərinə də fikir verən yox idi. Məktəbin damında quşlar astadan civildəşirdilər və mən onlara qulaq asa-asa özümdən soruşurdum: “Bəlkə, onları da almanca oxumağa məcbur edəcəklər?”
 
 
Birdən kilsə zəngi saat on ikini vurmağa başladı. Cənab Amelin rəngi ağardı.
 
– Dostlar, mən, mən... – deyə o danışmağa çalışdı, lakin sözünün ardını gətirə bilmədi.
 
 
O, üzünü lövhəyə çevirdi, təbaşiri götürüb böyük hərflərlə yazdı:
 
“YAŞASIN DOĞMA DİLİMİZ!”
 
Sonra başını lövhəyə dayayaraq donub qaldı və əli ilə bizə işarə elədi:
 
“Dərs bitdi... Gedin...”
 
 
Alfons Dodenin eyniadlı hekayəsi əsasında işlənmişdir.