Nağıllar, hekayələr

Anton Çexov. Buqələmun

Polis müfəttişi Oçumelov əynində təzə şinel, qoltuğunda paket bazar meydanına doğru irəliləyirdi. Bir polis nəfəri onun arxasınca gedirdi. Hər yer sükuta qərq olmuşdu. Dükanların açıq qapıları həsrətlə müştəri gözləyirdi.

Uzaqdan kimsə çığırdı:

– Dişlədi yaramaz! Lənətə gəlmiş heyvan! Ey, uşaqlar, tutun, qoymayın!

Oçumelov səslərin gəldiyi səmtə baxdı. Zərgər Xryukin qışqıra-qışqıra iti qovurdu. Sonra o, qabağa atılıb yerə yıxıldı və itin arxa ayağından yapışdı. İt aman istəyirmiş kimi bərkdən hürdü. Dükançılar əsnəyə-əsnəyə həmin yerə toplaşdılar. Oçumelov yolunu dəyişib izdihama doğru irəlilədi.

İzdihama səbəb olan it tir-tir titrəyir, iri gözlərində qorxu görünürdü.

Oçumelov soruşdu:

– Burada nə baş verib?

Xryukin sağ əlini havaya qaldırıb qanayan barmağını müfəttişə göstərdi:

– Mən öz dükanımda alver edirdim. Birdən bu heyvan məni səbəbsiz yerə dişlədi. Cənab müfəttiş, mən bir işçiyəm və mənə dəyən zərər ödənilməlidir. Bəlkə də, barmağımı həftələrlə işlədə bilməyəcəyəm.

– Yaxşı, yaxşı... Mən bu işi belə qoymayacam. İnsan hüquqlarının tapdalanmasına icazə vermərəm.

Oçumelov üzünü yanındakı polisə tutub davam etdi:

– Yeldırin, tez itin sahibini tap və yanıma gətir. İti isə bir yerə bağlayın. Çox güman, quduzdur.
 
İzdihamın içindən kimsə qışqırdı:
 
– Deyəsən, it general Jiqalovundur.
 
Oçumelov duruxdu:
 
– Yeldırin, paltomu çıxarmağa kömək elə. Hava çox istidir. – Oçumelov Xryukinə dedi:
 
– Burada nə isə anlaşılmazlıq var. İt sənin barmağını necə dişləyə bilər axı? Bəlkə, sənin barmağına mismar batıb, amma itin üstünə atırsan?
Camaatın arasından bir nəfər dilləndi:
 
– Xryukin yalan deyir. O özü qəsdən itin quyruğunu tapdaladı.
 
– Cəfəngiyyatdır! Cənab müfəttiş ağıllı adamdır. Kimin yalan, kimin düz danışdığını o aydınlaşdıracaq. Əgər mən yalan danışıramsa, məhkəmə qarşısında öz cəzamı alaram, – Xryukin hiddətlə həmin şəxsə cavab verdi.
 
– Kəs səsini! – Oçumelov qışqırdı.
 
– Cənab müfəttiş, məncə, bu it generalın deyil. Onun bütün itləri ov itidir, – deyə polis itə diqqətlə baxdı.
 
– Mən də generalın itlərinin cins olduğunu bilirdim. Bu isə zavallı küçə itidir. Düzdür, belə küçə itlərinin taleyi haqqında düşünərkən adam dəhşətə gəlir. Amma buna baxmayaraq, Xryukin yaralanıb və bu it cəzalanacaq.
 
– Bəlkə, generalın itidir? Üzərində yazmayıblar ki. Elə bil generalın həyətində buna bənzər bir it görmüşdüm, – deyə polis mızıldandı.
 
– Məncə də, bu it general Jiqalovundur, – izdihamdan bir səs eşidildi.
 
– Yeldırin, külək gücləndi, elə bil üşüyürəm, paltomu ver, – deyə Oçumelov pıçıldadı.
 
Yeldırin Oçumelova paltosunu geyinməyə kömək etdi.
 
– Yeldırin, bu itin generalın olub-olmadığını dəqiqləşdir.
 
– Odur, generalın aşpazı gəlir. Ondan soruşaq.
 
– Salam Proxor, bu it generalındır? – Yeldırin itə işarə edərək soruşdu.
– Xeyr, generalın belə bir iti yoxdur.
 
– Boş-boşuna vaxtımızı itiririk. Əgər adi bir küçə itidirsə, məhv edin getsin, – deyə Oçumelov əmr etdi.
 
– İt bizim yox, generalın qardaşınındır, – deyə aşpaz dilləndi.
 
– Deməli, bu, cənabımızın qardaşının itidir. Buna çox şad oldum. Gözəl və xoş bir itdir. Sadəcə, bir nəfərin barmağını azacıq dişləyib, – deyə Oçumelov gülməyə başladı.
 
Aşpaz it ilə birlikdə oradan uzaqlaşdı. Camaat Xryukinə istehza edirdi. Oçumelov hirslə: "Bunun əvəzini səndən çıxacağam", – deyə Xryukini acıladı.