Nağıllar, hekayələr

Yarasa nə üçün gecələr uçur

Meşələrin birində iki hökmdar var imiş. Biri heyvanlar, o biri quşlar üzərində hökmranlıq edirmiş. Hər bir canlı öz hökmdarına sözsüz tabe imiş. Tapdığı yeməkdən ona pay göndərirmiş. Təkcə Yarasa yuvasında rahatca yaşayır, heç kimə yeməyindən pay vermirmiş.
 
Bir gün heyvanların şahı əsgərlərini çağırıb əmr etdi:
- Gedin, Yarasadan yemək payımı alın! Bütün heyvanlar kimi o da mənə tabe olmalıdır.
 
Əsgərlər Yarasanın yanına gəlib dedilər:
- Ey Yarasa, biz səndən hökmdarımıza yemək payı almağa gəlmişik.
 
- Pay? Nə pay? Gedin, şahınıza deyin ki, mən heyvan deyiləm və yeməyimdən ona pay verməyəcəyəm. Harada görünüb ki, mənim kimi qanadlı, havada uçan bir canlı yerdə gəzən heyvanların şahına pay versin?! Mən heyvan deyiləm, quşam.
 
Əsgərlər şahın yanına gəlib.
Yarasanın sözünü ona çatdırdılar. Heyvanların şahı bərk qəzəbləndi. Xeyli fikirləşəndən sonra quşların şahına bir məktub yazdı. Əsgərləri çağırıb dedi:
- Tez bu məktubu quşların şahına çatdırın.
 
Məktub quşların şahına çatan kimi o öz əsgərlərini çağırıb onlara əmr etdi:
- Yarasa özü deyib ki, quşdur. Quş olduğu üçün mənə yemək payı verməlidir. Gedin, ondan payımı alın.
 
Əsgərlər şahın əmrini yerinə yetirməyə getdilər. Onlar Yarasanın yanına gəlib dedilər:
- Biz sənin yanına uçub gəlmişik ki, şahımızın yemək payını alaq.
 
Yarasa kefini pozmadan dedi:
- Siz elə bir quş görmüsünüz ki, onun dişləri olsun? Mən quş deyiləm. Harada görünüb ki, heyvan quşların şahına tabe olsun. Gedin, şahınıza deyin ki, mən ona heç bir pay verməyəcəyəm.
 
Əsgərlər Yarasanın cavabını quşların şahına çatdırdılar. Quşların şahı yamanca qəzəbləndi. Tez heyvanların şahına məktub yazdı ki, pusqu qurub hiyləgər Yarasanı tutsunlar.
 
Ertəsi gün əsgərlər səhər tezdən yola düşüb cəngəllikləri, mağaraları axtardılar.
Amma Yarasanı tapa bilmədilər.
 
O vaxtdan Yarasa gündüzlər gizlənir, gecələr özünə yemək axtarmaq üçün ova çıxır.