Nağıllar, hekayələr

Coşqun Xəliloğlu. Qürur hissi

Əslən  Kürdəmir rayonunun Mollakənd kəndindən olan, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi Əbülhəsən Balaş oğlu Eyvazovun ölməz xatirəsinə həsr olunur.
(01.11.1996- 30.10.2020)       

              

O zaman Əbülhəsənin on-on bir yaşı vardı. Yay tətili başlamışdı. Ona görə də valideynləri və bacıları ilə birlikdə Bakı şəhərindən kəndlərinə -Kürdəmir rayonunun Mollakənd  kəndinə getmişdilər.  Ata istəyirdi ki, övladları qohum-əqrabalarının, nənə-babalarının yaşadıqları kəndi, eli-obanı yaxşı tanısınlar, ayaqları torpağa dəysin, doğma yurdlarını sevsinlər.  Ona görə də Əbülhəsənə icazə verirdi ki, dayısı oğlanları ilə birlikdə kəndi gəzsin, tarlaları, bağları dolansın, taxıl zəmilərini görsün, Kür  çayını seyr etsin. Kənd camaatı ilə ünsiyyətdə olsun, onların doğma, əziz insanlar  olduqlarını  başa düşsün. 


Bir gün axşamüstü  ata soruşdu:
-Əbülhəsən,  kənd  xoşuna gəlir?  Qohum-əqrəbaya, camaata isinişə bilirsən?


Əbülhəsən cavab verməyə macal tapmamış, dayıoğlu Zabil gülə-gülə:
-Balaş dayı, vallah, Əbülhəsən kimlə rastlaşırsa köhnə tanışlar kimi salamlaşır, gülə-gülə söhbət eyləyir, hal-əhval tutur. Elə bil ki, burada yaşayıb, böyüyüb. Məndən yaxşı onu tanıyırlar.


Balaş dayı gülümsündü və heç nə demədi. “Mənim də istəyim, arzum budur”- qəlbində oğlu ilə qürur hissi keçirdi.


Amma Balaş dayının  ağlına da gəlmədi ki, vaxt gələcək, Əbülhəsən elə qəhrəmanlıq göstərəcək ki,   onunla təkcə o yox, bütün Azərbaycan xalqı fəxr edəcək.