
Nürnberq Almaniyanın cənub-şərqində yerləşən, təxminən 186 kvadratkilometr ərazisi olan kiçik bir şəhərdir. O, Bakıdan 10 dəfə kiçikdir, amma yarım milyondan bir qədər çox əhalisi ilə Almaniyanın tarixində mühüm rol oynayıb. Orta əsrlərdə Nürnberq hər yeni seçilmiş alman kralının ilk imperator seymini keçirməli olduğu yer idi. XX əsrdə şəhər milli sosializmin yüksəlişinin şahidi oldu və faşizmin əsas ideoloqları qaçılmaz cəzalarını (Nürnberq məhkəmələri) məhz burada aldılar. Bu gün Nürnberq Bavariya əyalətinin ən çiçəklənən şəhərlərindən biridir və zəngin tarixi və mədəni irsi sayəsində hər il 2 milyona qədər turisti cəlb edir.
Frankoniyanın paytaxtı, zəncəfil çörəyi və oyuncaqlar şəhəri
Hazırda Bakı ilə Nürnberq arasında birbaşa aviareyslər yoxdur, lakin bir neçə rahat tranzit uçuş variantları mövcuddur. Onlardan bəlkə də ən çox büdcəyə uyğun olanı “Pegasus Airlines” aviaşirkətinin uçuşlarıdır ki, biz də bundan istifadə edirik. Bu aşağı büdcəli aviaşirkətin geniş marşrut şəbəkəsinə 49 ölkədə 130-dan çox istiqamət daxildir. Bakıdan İstanbula səyahətin müddəti İstanbuldan Nürnberqə uçuşla eyni vaxtda iki saat yarımdan çox çəkmir.
Nürnberq hava limanı şəhərin mərkəzinə təəccüblü dərəcədə yaxındır. Hava limanının birbaşa arxasında yerləşən metro stansiyasından qatar sizi Nürnberqin mərkəzindəki əsas dəmir yolu stansiyasına cəmi 12 dəqiqəyə aparacaq.
1844-cü ildən fəaliyyət göstərən Frankoniyada (mərkəzi Nürnberqdə olan Bavariya bölgəsi) ən böyük qatar stansiyası var.
Dar küçələr boyu uzanan və Almaniyaya xas olan kiçik yarım-taxta evlər Nürnberqin orta əsr görünüşünü qoruyub saxlayır. Həvəsli ustalar isə ənənəvi texnikadan istifadə etməklə hazırlanmış məhsulları təklif edirlər. Burada siz dəri ustalarını, dulusçuları, qalayçıları və zərgərləri iş yerində seyr edə, keramika, əl istehsalı şamlar, taxta oyuncaqlar və ya Nürnberq zəncəfil çörəyini ala bilərsiniz. Son iki məqam üzərində daha ətraflı dayanmağa dəyər. Nürnberqin zəncəfil çörəyi və ya burada deyildiyi kimi “lebkuchen” bütün dünyada məşhurdur və şəhərin tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Fakt budur ki, azad imperiya şəhəri Nürnberq qədim ticarət yollarının kəsişməsində yerləşirdi və Avropanın ən mühüm ticarət mərkəzlərindən biri idi. Bunun sayəsində şəhərlilər çörəkçilikdə istifadə edilən darçın, mixək, hil, badam kimi ekzotik ədviyyat və qoz-fındıqları əldə edə bilirdilər.
Orta əsrlərdən bəri Nürnberq oyuncaqlar şəhəri sayılır. Oyuncaq istehsalı ənənələri ilə tanış olmaq istəyənlər kolleksiyasında 80 000-dən çox eksponat olan Oyuncaq Muzeyinə üz tuturlar. Ziyarətçiləri birinci mərtəbədə taxta oyuncaqlar qarşılayır, bu sənətkarlığın mənşəyi haqqında təsəvvür yaradır. İkinci mərtəbədə artıq oyuncaq istehsalçılarının zamanın tələblərini, xüsusən də sənayeləşmə dövrünün tendensiyalarını necə izlədiyini görə bilərsiniz. Sərgidə oyuncaq istehsalçısı Lemannın avtomobilləri, qatarları və hətta buxar mühərrikləri nümayiş etdirilir. Demək olar ki, 130 illik tarixi olan Nürnberq şirkəti hələ də model dəmir yolu istehsalı sahəsində liderdir. Nəhayət, Oyuncaq Muzeyinin üst mərtəbəsində “Lego”, “Playmobil” və ya “Matchbox” kimi müasir brendlərin məhsullarını görmək olar. Yaradıcı uşaq meydançasında gənc qonaqlar doyunca oynaya bilərlər, yayda isə açıq havada geniş oyun meydançası mövcuddur.
“Qızıl Buğa”, “Pegnitz” kanalları və Cəllad körpüsü
Ola bilsin ki, Köhnə şəhərin əsas cazibəsi İmperator III Konradın hakimiyyəti dövründə, təxminən 1140-cı ildə tikildiyi vaxtdan ətrafdakı mənzərəyə hakim olan İmperator qalasıdır. Təpənin üzərində tikilmiş qala Qədim Roma imperiyasının ən mühüm möhkəmləndirilmiş imperator saraylarından biri idi.
Qala imperatorun mühüm görüşlərinin keçirildiyi yer kimi xidmət edirdi. 1356-cı ildən etibarən İmperator IV Karlın qanunvericilik aktı olan “Qızıl Buğa” hər yeni hökmdarın ilk İmperator seymini Nürnberqdə keçirməsini şərtləndirdi. 1424-cü ildən isə qalada imperiya reqaliyaları saxlanılırdı.
Qalanın bayır həyətinin mərkəzində quyusu olan bir ev görmək olar. Quyunun dərinliyi 47 metrdir və o, qayada oyulub. İmperator qalasının diqqət çəkən məqamı XIII əsrin ikinci yarısında tikilmiş dairəvi Sinvell qülləsidir. Qüllənin 385 metr hündürlükdəki müşahidə göyərtəsindən ziyarətçilər bütün Nürnberqin mənzərəsini seyr edə bilərlər. Qalada zirehlər, silahlar, sikkələr, məişət əşyaları, sənədlər və digər tarixi eksponatlardan ibarət muzey sərgisi də var.
Hər bir şəhər öz kulinariya ləzzətləri ilə fəxr edir və Nürnberq də bu məsələdə istisna deyil. Şəhərdə tərəvəzlər arasında qulançar, qıtığotu və kartof xüsusilə qiymətlidir. Qulançar tumurcuqları vitaminlərlə dolu və olduqca qidalı olan çoxillik bitkidir və burada tərəvəzlərin “kralı” sayılır, Nürnberqin “ağ qızılı” adlanır. Hətta qulançarın Frankoniyada göründüyü tarixi xatırlayırlar: 1670-ci ildə yerli bir dərzi onu səyahət etdiyi ölkədən gətirib. Nürnberqdə qulançar müxtəlif məqsədlərlə istifadə olunur. Restoranlarda tez-tez salatlarda və ya daha mürəkkəb formada qızılbalıq və karideslə, bəzən hətta qulançar musu kimi təqdim olunur. Bütün bu variantlar aşpazın təxəyyülündən asılıdır.

Nürnberq sakinlərinin balıq və ətə, eləcə də souslara və salatlara ətirli dad verən qıtığotuna xüsusi sevgisi var və bu, heç də təsadüfi deyil. Bərəkətli torpağı sayəsində Nürnberq bölgəsi Almaniyada ən böyük qıtığotu yetişdirilən ərazi kimi tanınır. Bu ədviyyatlı köklərdə limondan iki dəfə çox C vitamini var. Efir yağları və antibiotik siniqrin sayəsində bu bitki qan dövranını stimullaşdırır, immunitet sistemini gücləndirir, maddələr mübadiləsini aktivləşdirir və həzmi stimullaşdırır. 2007-ci ildə Bavariya qıtığotu hətta Avropa İttifaqından “Qorunan coğrafi ad” üçün patent alıb.
Frankoniya mətbəxində ən çox istifadə edilən balıq sazandır. Buradakı sazan mövsümü adlarında “r” hərfi olan aylarla məhdudlaşır, yəni, sentyabrdan aprelə qədər. Onun süfrəyə verilməsinin ən çox yayılmış variantı qızardılmış filetodur. Sirkə ilə ədviyyatlı sazan şorbası da tapa bilərsiniz. Nürnberqdə ət və balıq yeməkləri üçün ən çox yayılmış əlavə qidalar kartof və duzlu kələmdir. Üstəlik, knödellər ən çox kartofdan hazırlanır: bunlar kartof püresi ilə yanaşı, əzilmiş çörək qırıntıları, un və yumurta ehtiva edən dəyirmi qaynadılmış məhsullardır.
Və əlbəttə ki, simitdən - duz səpilmiş simit formalı xəmir məmulatından bəhs etməyə bilmərik. Ancaq bu, təkcə Bavariya üçün deyil, bütün Almaniya üçün xarakterikdir.
20.02.2025