Nağıllar, hekayələr

Qarı və pişik

Bir gün bir qarı inəyini apardı suvarmağa. İnək buzun üstündən sürüşüb yıxıldı və qıçı sındı.  Qarı buza dedi:

- A buz, sən nə güclüsən?

Buz cavabında dedi:

- Əgər mən güclü olsaydım, günəş məni əritməzdi.

Qarı dedi:

- A günəş, sən nə güclüsən?

Günəş cavabında dedi:

- Əgər mən güclü olsaydım, bulud qabağımı kəsməzdi.

Qarı dedi:

- A bulud, sən nə güclüsən?

Bulud dedi:

- Mən güclü olsaydım, yağış məndən yağmazdı!

Qarı dedi:

- A yağış, sən nə güclüsən?

Yağış dedi:

- Mən güclü olsaydım, ot məndən bitməzdi.

Qarı dedi:

- A ot, sən nə güclüsən?

Ot dedi:

- Mən güclü olsaydım, qoyun məni yeməzdi!

Qarı dedi:

- A qoyun, sən nə güclüsən?

Qoyun dedi:

- Əgər mən güclü olsaydım, qurd məni yeməzdi!

Qarı dedi:

- A qurd, sən nə güclüsən?

Qurd dedi:

- Mən güclü olsaydım, it məni boğmazdı.

Qarı dedi:

- A it, sən nə güclüsən?

İt dedi:

- Əgər mən güclü olsaydım, çoban məni döyməzdi.

Qarı dedi:

- A çoban, sən nə güclüsən?

Çoban dedi:

- Mən güclü olsaydım, xanım məni söyməzdi.

Qarı dedi:

- A xanım, sən nə güclüsən?

- Xanım dedi:

- Əgər mən güclü olsaydım, siçan torbalarımı kəsməzdi.

Qarı dedi:

- A siçan, sən nə güclüsən?

Siçan  dedi:

- Əgər mən güclü olsaydım,  pişik məni yeməzdi!

Qarı dedi:

- A pişik, sən nə güclüsən?

Pişik iki əlini qabağa, iki ayağını dala qoyub, gərdənini çəkib, quyruğunu qalxızıb, gözlərini bərəldib, dilini çıxarıb, qarıya dedi:

 

Güclüyəm ha, güclüyəm,

Dəmir daraq dişliyəm.

Yük üstü yaylağımdır,

Yük altı qışlağımdır.

Kürsü üstə duraram,

Bığlarımı buraram...

 

Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabından götürülüb