Təbiət

Brokkoli kələmi

Brokkoli kələmi birillik tərəvəz olub xaççiçəklilər – Cruciferae fəsiləsinə daxildir. İtalyan dilindən tərcümədə brokkoli sözü brokko sözündən götürülüb tərcüməsi zoğ və ya budaqcıq deməkdir. Brokkolinin vətəni Kiçik Asiya və Şərqi Aralıq dənizi sahilləri hesab edilir. Yunan və romalılar brokkolini hələ 2000 il bundan əvvəl qida kimi istifadə edirdilər. Lakin Avropada bu bitki XVI əsrdən məşhurlaşmağa başlamışdır. XX əsrin 20-ci illərindən etibarən brokkoli Amerikada da tanınmağa başladı. Brokkoli kələmi İngiltərə, İspaniya və İtaliyada geniş yayılmışdır. Lakin Rusiya ərazisində brokkoli az yetişdirilir. Brokkolini kələmlərin şahı hesab edirlər. Brokkolinin ən geniş yayılmış növü kalabrezdir.

 


Brokkoli kələmi tünd-yaşıl rəngli hamaşçiçəklərə malik birillik bitkidir. Bu kələm ən tez yetişən kələmdir. Onun vegetasiya dövrü bitmə vaxtından başlamış yığılmasına qədər cəmi 60-65 gün çəkir. Brokkoli kələmi gülkələmindən başının quruluşuna görə fərqlənir. Brokkoli kələminin başı bənövşəyi və ya yaşıl rəngli formalaşmış qönçələrdən ibarətdir. Başcıqların diametri 10-12 sm-ə çatır.

 


Qida məqsədilə bitkinin qönçələri və cavan zoğları istifadə edilir. Kələmin faydalı xüsusiyyətlərini saxlamaq üçün onu buxarda bişirmək məsləhətdir. Bişdikdən sonra brokkoli kələmi bir qədər diri qalmalıdır. Kulinariyada brokkoli ət, tərəvəz xörəklərinə az kalorili, vitaminli qarnir kimi verilir və ya salatlara əlavə edilir.


Brokkolinin aşağıdakı növləri vardır: vyarus, qrin sproutinq, arkadiya, imperator, korvet, lazer, fiyesta, atlantik, genui, qnom, fortuna, sezar, balboa, qrin favorit, morterey, kontinental, laki. Bunlardan ən maraqlı görüntüyə malik olanları bunlardır: vyarus, imperator, genui.


 Brokkoli kələminin tərkibində sellüloza, K, P, Ca, Mg, Fe, Zn, Mn, S elementləri, C, B1, B5, B6, PP, E, K, U vitaminləri, A provitamini, beta-karotin və s. vardır. Brokkoli tərkibində beta-karotinin olmasına görə bir çox tərəvəzlərdən üstün sayıla bilər. Bu kələmdə olan xlorofil qanın tərkibinə müsbət təsir göstərir. Bununla yanaşı brokkolidə olan əvəzolunmayan amin turşular onu kimyəvi tərkibinə görə mal ətinə, tərkibində olan lizin və izoleysinə görə isə toyuq yumurtası zülalına yaxınlaşdırır.


Brokkolinin baş hissəsində olan sulforafan onun gövdəsində olandan 10 dəfə azdır. Onu da qeyd edək ki, brokkoli qaynadıldıqda tərkibində olan sulforafan tamamilə parçalanır. Brokkolinin tərkibində olan sineqrin maddəsi xərçəng hüceyrələrini məhv edir, onların bölünməsinin qarşısını alır. Digər maddə isə indol-3-karbinoldur. Bu maddə nəinki xərçəng hüceyrələrinə, həmçinin immun sistemə də təsir göstərir.


Brokkoli qiymətli tərəvəz hesab edilir, çünki onu aterosklerozun profilaktikası, ürək-damar sistemi xəstəlikləri zamanı məsləhət görürlər. Həkimlər brokkolini sinir pozğunluğu əleyhinə istifadə etməyi təklif edirlər. Bu kələm insan orqanizmindən təhlükəli olan ağır metal duzlarını xaric edir, orqanizmin radiasiyaya qarşı müqavimətini artırır. Hətta bu yaxınlarda brokkolinin xərçəng əleyhinə təsiri də ortaya çıxdı. Con Hopkins tibb kollecinin tədqiqatçıları brokkolinin tərkibində olan sulforafan adlı maddəni aşkar etmişlər. Bu maddə mədədə xoranın bəzi növlərini yaradan bakteriyaları məhv edir, mədə xərçənginin yaranmasının qarşısını alır. Sulforafan hətta antibiotiklərə xüsusi rezistentlik göstərən bakteriyaları da məhv edir. Hal-hazırda alimlər bu maddənin əsasında orqanizm tərəfindən asan mənimsənilən preparat hazırlanmasının üzərində işləyirlər.