Kainatın sirləri. Məktəbdə
Günlər keçirdi. Uşaqlar hər gün dərsdən sonra görüşür, Kainatın sirlərini araşdırır, müzakirə və mübahisə edirdilər. Rüstəm oxuduğu kitabları təhlil edir, hər gün yeni suallarla gəlirdi. Uşaqlar bilirdilər ki, Lemi gec-tez öz planetinə dönəcək və ondan mümkün qədər çox şey öyrənməyə çalışırdılar. Bir gün Lemi uşaqlardan onu özləri ilə məktəbə aparmalarını xahiş etdi.
...Aysel Lemini Almaniyadan gəlmiş rəfiqəsi kimi təqdim etdi. Sinif yoldaşları bu sarışın qızı mehriban qarşıladılar.
Birinci dərs riyaziyyat idi. Keçilən qaydaları təkrar edərək məsələ həllinə başladılar. Müəllim Lemidən soruşdu:
- Bizim uşaqlara bir neçə sadə məsələ deyə bilərsənmi?
Lemi lövhənin qarşısına çıxdı:
- Avtomobil birinci saat 460 km, ikinci saat bundan 30 km artıq sürətlə getdi. Avtomobil iki saata nə qədər məsafə qət etdi?
Uşaqlar gülüşdülər:
- Bu, avtomobildir, yoxsa raket?
Məsələni tez həll etdilər.
- Atanın 160, oğulun 120 yaşı var. 10 ildən sonra onların birlikdə neçə yaşı olacaq?
Daha bərkdən gülüşmə qopdu.
- Bu ata-balanı “Ginnesin rekordlar kitabı”na salmaq lazımdır.
Aysel yerindən qalxıb vəziyyəti düzəltməyə çalışdı:
- Ləman məsələni Azərbaycan dilinə çevirəndə rəqəmləri səhv salır. Yəqin, atanın 60, oğulun 20 yaşı var.
Tənəffüsdə Aysel Lemini kənara çağırıb bəzi təlimatlar verdi.
Azərbaycan dili dərsində “Yurdum, yuvam, məskənimsən!” mövzusunda inşa yazıya hazırlıq keçirildi. Müəllim mövzunun adını lövhəyə yazaraq plan verdi və şagirdlərə plan üzrə danışmağı təklif etdi. Arzu edənlər bir-bir çıxış etməyə başladılar.
Dərsin sonunda müəllim Lemiyə yaxınlaşıb soruşdu:
- Qızım, sən də öz yurdun haqqında bir neçə kəlmə deyərsənmi?
Lemi ayağa qalxdı. Pəncərədən uzaqlara, səmaya baxaraq aram-aram söylədi:
- Mənim yurdum çox gözəldir. Mavi suları, ətirli torpağı, vüqarlı meşələri, əzəmətli dağları var. Biz insanlar da təbiətin bir hissəsiyik. Bizə elə gəlir ki, qüdrətliyik, özümüzə yüksək texnologiyalarla təmin olunmuş rahat həyat qurmuşuq, amma əslində, biz təbiətin qarşısında çox zəif və acizik. Təbiət bircə dəfə köksünü ötürsə, təbii fəlakətlər - vulkan püskürmələri, zəlzələlər, su daşqınları baş verər, bütün yaratdıqlarımız məhv olar. Ona görə də biz təbiəti qoruyur, onunla ehtiyatla davranırıq. Elə yaşamağa çalışırıq ki, planetimizin ahəngini pozmayaq, onu cızığından çıxarmayaq. Mən yurdum üçün çox darıxmışam. Ondan uzaq düşəndən sonra onu nə qədər sevdiyimi bir daha başa düşdüm. Mən öz planetim üçün, onun açıq səması, isti günəşi üçün darıxmışam.
Aysel yavaşca Lemini dümsüklədi, amma o, deyəsən, bunu heç hiss etmədi.
- Mən mütləq öz yurduma qayıdacağam, mütləq!
Zəng vurulmuşdu, amma heç kim yerindən tərpənmirdi...
Həyat bilgisi dərsi başlandı. Mövzu ailə və ailə münasibətləri idi. Müəllim ailənin cəmiyyətdə rolu, ailə münasibətləri haqqında danışdı. Daha sonra uşaqlar öz ailələri haqqında bir neçə söz dedilər. Leminin dedikləri hamını, xüsusilə müəllimi çox heyrətləndirdi:
- Bizdə ailə üzvlərinin bir yerdə yaşaması vacib deyil. Adətən, uşaqlar uşaq şəhərciklərində, böyüklər isə iş yerlərinə yaxın mənzillərdə yaşayırlar. Əvvəldən təyin olunmuş günlərdə ailə üzvləri bir yerə toplaşaraq vaxt keçirirlər.
Amma biz bir-birimizlə hər gün, hər saat, hər dəqiqə əlaqə saxlaya bilirik. Yüksək texnologiyalar buna imkan verir. Mən öz ailəmi çox sevirəm. Atam, anam və qardaşım həyatda mənə ən əziz olan insanlardır. Həmişə onların qayğısını və köməyini hiss edirəm.
İdman dərsində qızlar boy sırası ilə düzülərək iki komandaya bölündülər və müəllimin fiti ilə basketbol oyunu başlandı.
Oyunun ilk dəqiqələrindən Lemi hamını təəccübləndirdi. Əvvəlcə o, oyunun qaydalarını başa düşməyib topu öz komandasının səbətinə atdı. Səhvini anlayandan sonra isə rəqib komandanın səbətini, demək olar ki, bombardman etdi. Qəribə idi, top Leminin sözünə elə baxırdı ki, elə bil sehrlənmişdi. Lemi lap uzaqdan onu düz səbətə tullayır, komandasına dalbadal xallar qazandırırdı. Onu üzük qaşı kimi dövrəyə alsalar da, mane ola bilmirdilər.
Oyundan sonra müəllim Lemini çağırıb basketbolla nə vaxtdan və hansı komandalarda məşğul olduğunu soruşdu. Onun birinci dəfə basketbol oynadığını eşidəndə isə təəccübdən deməyə söz tapmadı.
Yolboyu Aysel məktəbdə baş vermiş hadisələri təfərrüatı ilə Rüstəmlə Kənana danışdı. Uşaqlar xeyli güldülər. Ayrılanda Lemi dedi ki, basketbol oyunu çox xoşuna gəlib. Öz planetinə qayıdanda mütləq bu oyunu yoldaşlarına da öyrədəcək.
16.02.2021