Təbiət

Timsah balığı

Timsah balığı (lat. Lepisosteidae, Alligator gar fish) - 3 metr uzunluğa çata bilən, timsaha bənzəyən Zirehli durnabalığı cinsinə aid balıq növüdür. Bu balığın bir çox adı var: qaspar, zirehli, zirehli-timsah ve qanoid. Şimali və Orta Amerikanın Şərqindəki şirin sularda, eyni zamanda Karib və Kuba adalarını əhatə edən çaylar və göllərdə geniş yayılmışdır. Bu balıq növu həm şirin, həm də şoran sularda sağ qala bilər, lakin daha çox böyük çaylara və sel axını baş verən sahillərə üstünlük verir. Sürətlə axan sularda yaşamağa meylli deyil.

 

Timsah balığının uzunluğu 3-3,5 metrə qədər böyüyə bilər, çəkisi isə 100 kiloqram ağırlığında ola bilər. Rəsmi rəqəmlərə görə ən böyük nümunə 291 santimetr uzunluğunda və 123 kiloqram ağırlığında olub.

 

Balıq bulanıq sularda yaşadığına görə çox yaxşı görmə qabiliyyətinə malikdir. Buna görə balığın gözləri olduqca böyükdür. Balığın yaşıl-gümüşü kamuflyaj rəngi suda gözədəyməz qalmağa imkan verir.

 

Balığın qan damarları ilə əhatə olunan, yemək borusuna birbaşa bağlanan bənzərsiz üzmə kisəsinə sahibdir. Bu orqan ağciyər kimi də işləyə bilər. Suyun səthinə qalxaraq balıq hava udur, oksigen kisədən keçərək qan damarlarına yayılır. Bu tənəffüs sistemi sayəsində oksigen az olduğu isti sularda timsah balıqları asanlıqla mövcud ola bilərlər. Bu xüsusiyyət ona digər balıqların mövcud olmasının çətin olacağı şəraitdə yaşamaq imkanı verir.

 

Timsah balığının ağzı timsahın ağzına çox oxşayır. Timsahda olduğu kimi  iti və uzun dişlərlə silahlanmışdır. Balığın çənəsi 30-45 santimetrə çata bilər. Timsah balığı yer üzündə belə bir uzun çənəyə sahib olan yeganə balıqdır. Kiçik balıqlara və tısbağalara tələ quraraq ovlayır. Böyük fərdlər daha böyük yırtıcılardır; quşları, hətta kiçik heyvanları belə ovlayırlar. Balığın qarnı 20 kiloqrama qədər balıq tuta biləcək dərəcədə uzanır.Timsah balığı nəhəng ölçüsünə baxmayaraq bir az bacarıqsızdır və çevik şəkildə bir balığı təqib edə bilmir. Buna görə bir neçə ov taktikası inkişaf etdirir. Onlardan biri pusqu quraraq ov edir. İkincisi isə, suyun axını boyunca sakit və gərəksiz hərəkətlər etmədən sakitcə axınla üzür və ətrafında yaxın məsafədə üzən balıqlara ildırım sürəti ilə hücum edir. Kiçik fərdlər kollektiv olaraq ov edirlər. 

 

Timsah balığının əti nadir hallarda qida kimi istifadə olunur, kürüsü isə ümumiyyətlə yeyilmir, çünki tərkibində zəhərli maddə var. Bu səbəbdən balıqlar qida üçün deyil, yalnız idman marağı, ekstrim sevərlər tərəfindən ovlanırlar.