Təbiət

Yarpaqquyruq Sikora

Yarpaqquyruq Sikora, Madaqaskar gekkonu və ya Düzquyruq gekkon (Uroplatus sikorae) kimi tanınan kərtənkələ Madaqaskar meşələrində və ona yaxın adalarda yaşayır (hazırda təbiətdə sayı kəskin şəkildə azalmışdır).

 

Madaqaskar gekkonları, çənələri ətrafında incə saçaqları və düz, yarpağa bənzər quyruğu olan gözəl kərtənkələlərdir. Vaxtının çox hissəsini ağacların gövdə və budaqlarında keçirir. Gecələr fəaldır.

 

Yetkin fərdlər açıq qəhvəyi rənglidir (bəzən bədəndə dağınıq yaşıl ləkələr də mümkündür). Bu rəng kərtənkələni ağacın bir hissəsinə çevirir,  belə ki, düşmənlərdən gizlənməsinə kömək olur. Nadir hallarda, tamamilə yaşıl fərdlərə və ya başqa rəngli fərdlərə rast gəlinir. Dərisində əmələ gəlmiş xüsusi mamırlara görə kərtənkələlər əyani şəkildə oturduğu budaqdan fərqlənmir. Gekkonlar, buqələmunlar kimi dəri rənglərini ətraflarına görə dəyişə bilər, buna görə yaxından baxsanız da onları görmək olduqca çətindir.

 

Yarpaq quyruqlu Sikoranın yetkin fərdinin uzunluğu 15-18,5 sm-ə çatır. Erkək fərdlər bir-birlərinə qarşı çox aqressivdirlər.

 

Gekkonların bir çox düşməni var. Bunlar - qartallar, bayquşlar, siçovullar və ilanlardır. Buna görə də, bu canlının parlaq günəşli bir gündə peşəkarcasına gizlənməyə yaxşı uyğunlaşması təəccüblü deyil. Yalnız qaranlığın başlaması ilə gekkonlar hərəkət etməyə başlayır və ov edirlər. Qida rasionunu- böcəklər və kiçik onurğasızlar təşkil edir.

 

Hal-hazırda bioloqlar Yarpaqquyruq Sikoranın populyasiyasında azalma olduğunu qeyd edirlər. Təəssüf ki, buna səbəb insanların ekzotik sürünənlərə olan sevgisidir. Bundan əlavə, meşələrin kütləvi şəkildə qırılması tədricən gekkonları yaşayış yerlərindən məhrum edir.