Nağıllar, hekayələr

Yadigar qalan innab ağacı

Həzini yola salıb qayıdandan sonra Nuşu ana darıxdığından nə ev-eşiyə sığışır, nə də gözünün yaşı quruyurdu. Elə hey öz-özünü danlayırdı.

 

- Balamı nahaq qoydum getməyə. Həzim indi, görən, neyləyir?

 

Ananın əli heç bir işə yatmırdı. Hara baxırdı, Həzini görürdü. Nəyə əlini vururdu, Həzini xatırlayırdı.

 

Atası heç fikirləşmədən innab ağacının adını çəkmişdi. Həzi hardansa bu innab şitilini tapıb gətirmiş və buradaca əkmişdi. Çalasını zorla qazmışdı. Gücü beli götürməyə güclə çatırdı. ... Ağac indi iki Həzi boyda olmuşdu.

 

Həzinin köynəyi, Həzinin sapandı, Həzinin köhnə ayaqqabıları ... Ana indi az qalırdı onları əzizləyib bağrına bassın. Hər birindən*, elə bil, Həzinin iyini alırdı. Öz-özlüyündə Həziylə danışırdı. Həzinin yerinə də, öz yerinə də.

 

Nuşu ana özüylə danışa-danışa damın altında heç bilmirdi nə iş görür.

 

Asya anasının səsinə gəldi:

 

- Ay ana, kiminlə danışırsan?

 

- Kiminlə danışacağam, ay qızım, özüm-özümlə. Həzi balam heç yadımdan çıxmır, - deyib gözlərinin yaşını sildi.

 

Asya ona təskinlik vermək üçün:

 

- Eeeh, Həzi indi gəmidə kef edir, sən də burada ağlayırsan. Bir il keçməmiş bir də görəcəksən, Həzi budur ha, general paltarında girdi içəri.

 

- Allah ağzından eşitsin, ay bala!

 

Axşam oldu, əl-ayaq yığışdı, ocaq qırağında süfrə açıldı. Həzinin boş qalan yeri göründü. Dünən axşam əziz adam kimi, lap yuxarı başda əyləşmişdi. Ana ondan gözlərini çəkmirdi. Həzinin iştahla yeməsi ananın canına yayılırdı. Amma indi? İndi Həzi yox idi. Ana xörəkdən hamıya pay çəkdi. Hamısı iştaha ilə yedi. Təkcə Nuşu ananın boğazı tikilmişdi, heç nə boğazından keçmirdi. Süfrə yığışdırıldı, çay içildi, heç kim dinib-danışmırdı. Ana yerləri saldı, hamısı axşamdanca yıxılıb yatdı. Təkcə Nuşu ananın gözlərinə yuxu getmədi. Yatağının içində çevrilə-çevrilə qaldı. İndi onun xəyalı Həzi ilə gəmidə idi.

 

Nuşu ana ayağa qalxdı, eşiyə çıxdı. Aydınlıq idi: həyət-baca süd kimi görünürdü. Hava ayaz olduğundan bir qədər soyuq idi. Nuşu ana isə, elə bil, bu soyuğu hiss etmir, alışıb-yanırdı. Birdən gözü Həzinin inişil evin qabağında əkdiyi innab ağacına sataşdı. Onun yanına gəldi. Əlini ağacın gövdəsinə sürtüb:

 

- Balamın yadigarı, - dedi. - Bircə tez böyüyəydi. İnnabını Həziyə göndərəydim.

 

Mal-qara sürtündüyündən ağacın gövdəsi əyilmişdi.

 

- Gərək sabah uşaqlara tapşıram, yanlarına çəpər çəksinlər. Balamın yadigarıdır.

 

Nuşu ana Həzinin innab əkməsini xatırladı.

 

O zaman Həzi lap balaca idi. Ondan bir gün əvvəl atasından soruşmuşdu ki, ən uzunömürlü ağac hansıdır?

 

Nuşu ana kiçik innab ağacının yanında nə qədər dayandığını bilmədi. Bircə onu hiss etdi ki, kürəkləri soyuqdan qovuşur. Ağacı bir də tumarladı, oxşadı :”Balamın yadigarısan!” - dedi.

 

Səhər ananın təkidi ilə qardaşlar innab ağacının yanını çəpərlədilər, ona su verdilər.

 

İnnab ağacı həmin gündən əzizləndi, müqəddəsləşdi. Yaz gələndə çiçək açdı, ilk nübarını gətirdi. Kimsə onun dadlı, qırmızı meyvələrinə toxunmadı.

 

Yetişəndə ana onu ovuc-ovuc yığıb sərdi, qurutdu və ilk nübarını Həziyə sovqat göndərdi.

 

Həmin innab ağacı indi də Həzinin ata yurdunda durur. Lənkəran şəhərinə yolu düşən əziz qonaqları, ilk növbədə, ölməz sərkərdənin ev muzeyinə gətirirlər. İçəri girən kimi, bələdçilər birinci növbədə qonaqlara innab ağacını göstərirlər.

 

Həzinin uşaq vaxtı əkdiyi ağacdır, - deyirlər. Hamı da ona maraqla baxır. Sanki o, başqa innab ağaclarına bənzəmir. Bu ağac daha əzəmətli, daha vüqarlı görünür. Böyük sərkərdənin özü kimi!