Bu maraqlıdır!

Minarələr şəhəri

Xivə əsas etibarilə XVIII-XIX əsrlərdə ucaldılan məqbərə, mədrəsə, minarə və digər abidələrinin yer aldığı memarlıq qoruğudur. Özbəkistanın incisi sayılan Xivə Böyük İpək Yolunda bizim günlərə olduğu kimi  gəlib çatan yeganə qədim şəhərdir. 
 
Xivə haqqında ilk məlumatlar X əsrə təsadüf edir.  Şəhər qədim Heyvak quyusunun yerləşdiyi vahədə yaranıb. Saysız-hesabsız karvanlar bu quyunun yanından ötüb yoluna davam edərmiş. Bazarlarda hər şey, o cümlədən qul almaq mümkün idi. Xivədə qul alveri  XIX əsrin axırına qədər davam edib.  XVI əsrdə Xarəzmin (Xivə Xanlığının) paytaxtı  Xivə şəhərinə köçürülüb. Genişlənməyə və çiçəklənməyə başlayan  şəhər tezliklə  islam dünyasının dini mərkəzinə çevrilib.
 
Xivəni əsasən məscid və minarələr bəzəyir.  Bütün müsəlmanların eyni vaxtda ibadət etməsi üçün  VII əsrdən etibarən  məscidlərin yanında  uca qüllələr - minarələr ucaltmağa başlayıblar.  Ərəb dilindəki “manar” sözündən törəyən minarə “mayak” deməkdir.  Müəzzin gündə beş dəfə minarəyə qalxıb müsəlmanları ibadətə səsləyir. 
 
Xivə Xanlığının tarixi Cümə məscidinin 212 sütununa həkk edilib. Ayrı-ayrı əsrlərdə  hazırlanan bu sütunlar xanlığın müxtəlif yerlərindən gətirilib. Sütunlarda müxtəlif qədim yazılar və ornamentlər təsvir olunub.  Xivə həkkakları indi də öz sənətləri ilə məşhurdurlar. 
 
Cümə məscidinin minarəsi şəhərdəki ən qədim minarələrdən biridir. Kərpicdən hörülən bu minarənin yeganə bəzəyi firuzəyi rəngli yeddi qurşaqdır.  Minarəni günbəz tamamlayır.  Bu minarə şəhərdəki ən uca minarə olmasa da,  qədim İçan Qalanın mərkəzində yerləşir.  Cümə məscidinin cəmi 200 metrliyində  Kalta-Minor (Kaltar) minarəsi yerləşir. Kaltar  “qısa” deməkdir. Şəhərin görkəmli memarlıq abidələrindən olan bu minarənin tikintisinə  XIX əsrin ortalarında başlanılıb.
 
Plana görə, minarə 70 metrdən hündür olmalıymış. Xivə xanı onun tikintisini başa çatdıra bilməyib.  Bu yoğun qülləyə öyrəşən şəhər sakinləri ona abı-yaşıl rəngli tava daşlarından üz çəkiblər. Elə naxış seçiblər ki,  minarə tamamlanmış tikili təsiri bağışlayır.  Lakin Kalta-Minor şəhərin heç də ən alçaq minarəsi deyil.  
 
XVIII əsrdə  hündürlüyü 5 metr olan  Şahimərdan minarəsi ucaldılıb. Xivədə  8,9,10,12, 20 metr hündürlüyündə minarələr var.  Xivə minarələrinin çoxunun yuxarı hissəsi ensizdir. Palvan-Kari minarəsi isə düz silindir şəklindədir. Bu minarəyə üz çəkilməyib.  Fiqurlu kərpiç hörgüsü  onun yeganə bəzəyidir. Bu minarəni Palvan-Kari adlı tacir inşa etdirib. 
 
Xivənin varlı sakinləri  özlərindən sonra iz qoymağa çalışıblar. Buna görə də tikdirdikləri mədrəsə və minarələrə öz adlarını veriblər. Tacir Səid Niyaz Şalikarbay düyü alveri edirmiş. Onun soyadı - “Şalikarbay” sözü də elə belə tərcümə olunur: “çəltik yetişdirən adam”.  Bu tacirin vəsaiti ilə ucaldılan Səid Niyaz  Şalikarbay minarəsi şəhərin ən qədim və gözəl minarələrindən biridir. 
 
Xivənin ən uca minarəsini vəzir İslam Xoca  1910-cu ildə ucaldıb. O, öz vəsaiti hesabına şəhərdə xəstəxana, poçt, teleqraf, məktəb  və mədrəsə binaları, pambıqtəmizləmə zavodu da inşa etdirib. Minarədən şəhər ovuc içi kimi görünür.  Lakin ora çıxmaq üçün 175 dik  pilləkəni qalxmaq lazımdır. İslam Xoca minarəsi Xivə xanları dövrünə aid sonuncu  ən böyük  tikilidir.