Görkəmli şəxsiyyətlər

Vinsent Van Qoq (1853-1890)

Elə insanlar var ki,  başqasının iztirabları onların qəlbini göynədir, bu iztirabları öz ağrısı, dərd-bəlası kimi  qəbul edirlər. Adətən belələrinin həyatı çox məşəqqətli olur. Həyata belə həssas münasibət bəzən onları dəlilik həddinə gətirib çıxarır. Holland rəssamı Vinsent Van Qoq  da məhz bu cür insanlardan olub. 
 
Qrot-Zundert adlı kiçik bir kənddə, katolik keşişinin ailəsində dünyaya göz açan  Vinsent uşaqlıqdan kəndlilərin ağır həyatını müşahidə edib. Onlara kömək etmək istəyi, güzəranlarını yaxşılaşdırmaq üçün fədakarlıq göstərmək barədə fikirlər hələ uşaq ikən onun qəlbinə hakim kəsilir. Əvvəlcə arzusuna ilahiyyatla məşğul olmaqla, missioner kimi fəaliyyət göstərməklə çatmaq istəyir. Lakin başa düşür ki, həyatının işi uşaqlıqdan istedadlı olduğu sahə - rəssamlıqdır.  Van Qoq  rəssam  olmaq qərarına gəlir.
 
Onun  Hollandiyada, Nuyenen  adlı yerdə çəkdiyi  ilk professional əsərlər özünəməxsusluğu ilə heyran qoyur. Məsələn, rəssamın  “Toxucu dəzgahı qarşısında”  əsərini götürək. Nəhəng mexaniki qurğunun qarşısında oturan insan bu ruhsuz maşından  seçilmir, sanki onun bir detalına çevrilib. Yaxud “Kartof yeyənlər” əsəri. Kəndlilər kasıb süfrə başına toplaşıb.  Onların üzgün sifətlərinin eybəcərliyi şişirdilib; yemək dalınca uzanan əllər  uzun və arıqdır;  bişmiş kartofdan qalxan  buxar  və lampanın zəif işığı  evin yoxsulluğunu daha da  qabardır. Tabloda həyat həqiqətləri, insanlara sevgi, onların acı taleyinə şəfqət hissləri çox güclüdür...
 
Van Qoq  peşəkarlığını artırmaq üçün 1886-cı ilin  martında Parisə gəlir. Burada o dövrün görkəmli rəssamları Qoqen, Tuluz-Lotrek, Sinyak ilə tanış olur, Luvr sarayının incilərini - möhtəşəm rəsm əsərlərini öyrənir.
 
1888-ci ildə  səs-küylü Parisi  tərk edərək, Fransanın cənubunda,  Arl adlı əyalət şəhərciyinə köçür.  Burada “Arlda biçin” (1888), “Çiçəkləyən ağac” (1888)  və s. kimi  gözəl mənzərələrini yaradır. Ən çox da sevimli bitkisini - günəbaxanı çəkir.
 
Van Qoqa xas olan həyata həssas münasibət, ruhunun rahatlıq tapa bilməməsi  nəticəsində rəssamda  psixi xəstəliyin ilk əlamətləri özünü büruzə verməyə başlayır. Əvvəlcə  Arla qonaq gələn Qoqen ilə onun arasında yaradıcılıq ixtilafları yaranır. Rəssamlar dalaşırlar, özünə hakim kəsilə bilməyən Van Qoq  əlindəki  stəkanı həmkarının başına çırpır.  Qoqen getmək istədiyini bildirəndə isə ülgüc ilə onun üstünə atılır.  Elə həmin günün axşamı dəliliyi tutan rəssam özünə ciddi xəsarət yetirir, qulağını kəsir.
 
Vəziyyətinin ağır olmasına baxmayaraq məşhur “Qulağı kəsilmiş vəziyyətdə avtoportret” (1889), “Çubuq çəkən kişi” (1889) və s. məşhur əsərlərini yaradır.  Lakin xəstəliyi şiddətlənir və rəssam bir il  psixiatriya  klinikasında müalicə olunur.  Vəziyyətinin sabitləşdiyi vaxtlarda xəstəxana bağının  və onun ətraflarının təsvir olunduğu (“Provansda böyük yol”, “Alp dağlarının ətəklərində”, “Sərv ağaclarının əhatəsində sarı sünbüllər”) mənzərələr yaradır.
 
Van Qoq klinikadan çıxandan sonra  Over-syur-Uaz kəndində yaşayır. Dostu, həvəskar rəssam  və sənətşünas  Pol Qaşe onun sağlamlığının qayğısına  qalır.  “Doktor Qaşenin  portreti” (1890) bəlkə də  Van Qoqun  bu janrda çəkdiyi ən gözəl  əsərdir. Şəkildə dərin düşüncəyə dalan adam təsvir olunub.  Qaşe nə barədə düşünür? Bəlkə varlığın mənası  barədə?  Və ya öz taleyi haqqında? Yaxud onun şəklini çəkən rəssamın  labüd  ölümü barədə?  Axı, faciəli sonluq  çox  yaxın idi. İxtisasca  həkim olan  Qaşe bunu başa düşməyə bilməzdi.  Bəlkə də buna görə Van Qoqun əlində tapança görəndə silahı onun əlindən almır...
 
Bir neçə gün sonra  Over-syur-Uazdakı evdə  atəş səsi eşidilir. Ölümcül yaralanan Van Qoq  1890-cı il  iyulun 29-da dünyasını dəyişir.  Onun ölümündən sonra rəssam Kamil Pissarro  oğluna yazır: “Mən irəlicədən bilirdim ki, Van Qoq ya dəli olacaq, ya da hamımızı  xeyli qabaqlayacaq... Lakin hər ikisini edəcəyi ağlıma da gəlməzdi”.