Hələ qədim dövrlərdə insanlar müşahidə edirdilər ki, kəhrəbanı yuna sürtən zaman ona xırda saman çöpləri yapışmağa başlayır. Bunlar elektrik cərəyanı haqqında ilk təsəvvürlər idi. Sürtünmə zamanı kəhrəbada cərəyan yaranırdı ki, bu da kiçik saman çöplərini özünə cəzb edirdi.
Bundan bir çox illər sonra, orta əsrlərdə alimlər bu təcrübədən öz araşdırmalarında istifadə etməyə başlayırlar. Onlar müxtəlif maddələri bir-birinə sürtür, bu zaman istifadə olunan materialların bəzilərinin bir-birini cəlb etdiyini, bəzilərinin isə itələndiyini müşahidə edirdilər. Belə təcrübələr alimlərə bəzi maddələrin müsbət, bəzilərinin isə mənfi yüklə yükləndiyini təyin etməyə imkan yaradırdı.

Yüklü maddələr arasında hər zaman maraqlı hadisələr baş verir. Əgər eyni yüklü maddələri yan-yana qoysaq, görərik ki, onlar bir-birini itələyir. Müxtəlif yüklü maddələr isə əksinə, biri-birini cəzb edir.
Dəniz skatlarının elektrik cərəyanı vasitəsi ilə zərbə vurması keçmişdə alimləri çox təəccübləndirirdi. Lakin heç kim bu məxluqun güclü elektrik cərəyanını necə topladığını izah edə bilmirdi. Skatın kürəyindəki təkrar olunan lövhələrə diqqət yetirən italiyalı fizik və kimyaçı Volta Alessandro dairəvi mis lövhələr vasitəsi ilə onun dəqiq maketini düzəldir. Daha sonra mis lövhənin üzərinə turşu məhlulunda isladılmış karton parçası qoyur, üstünü yenidən mis lövhə ilə örtür və bu əməliyyatı bir neçə dəfə təkrarlayır. Mis lövhələrdən və turşu məhlulu ilə isladılmış karton parçalarından ibarət çoxlaylı qurğunun hər iki tərəfinə naqillər bərkidən alim görür ki, turşu məhlulu və lövhələr arasında gedən kimyəvi reaksiya nəticəsində elektrik cərəyanı yaranır. Bu qurğu müasir batareyaların əcdadı da sayıla bilər.

İlk batareyalar məhz bu prinsiplə işləyirdi. Əgər sulfat turşusu məhluluna metal yerləşdirsək, o həll olmağa başlayacaq. Bu zaman müsbət yüklü hissəciklər məhlula keçəcək, mənfi yüklü hissəciklər isə metalda qalacaq.
Hazırda batareya istehsalında turşulardan istifadə olunmur. Müasir batareyaların tərkibi çox mürəkkəb olsa da, onlar da eyni prinsipə əsaslanır.
Batareyanın sinkdən hazırlanan korpusunun içərisinə kömür çubuğu salınır. Boş yer isə manqan oksidi və duzlu məhlul ilə doldurulur. Kimyəvi reaksiya nəticəsində batareyanın sink korpusu mənfi, kömür çubuğu isə müsbət yüklə yüklənmiş olur. Əgər batareyaya naqillər vasitəsilə lampa bərkitsək, mənfi yüklü zərrəciklər kömür çöpündəki müsbət yüklü zərrəciklərə tərəf “qaçacaq” və lampanı işıqlandıracaq.
Müxtəlif yüklü zərrəciklərin bir-birini cəzb etdiyindən xəbərdar oldunuz. Onu da bilin ki, kimyəvi reaksiyanın sona yetdiyi batareya elektrik cərəyanı istehsal edə bilmədiyindən onu yenisi ilə əvəz etmək lazım gəlir.