Odlar Yurdu

Gədəbəy

Kiçik Qafqazın yüksək dağlıq ərazisində qərar tutan Gədəbəy Bakıdan 444 kilometr məsafədə yerləşir. Azərbaycanın dilbər guşələrindən olan Gədəbəy həm zəngin maddi-mədəniyyət abidələri, həm də gözəl təbiəti ilə insanları özünə cəlb edir.  
 
Ən uca zirvələri dəniz səviyyəsindən 3550 metr yüksəklikdə yerləşən Qoşabulaq və Qocadağ silsilələridir. Burda iyul ayında havanın orta  temperaturu +20 dərəcədən yuxarı qalxmır. Yanvar ayında isə 10 dərəcədən çox şaxta olur.  
 
Gədəbəy Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Ərazidə eramızdan əvvəl XII-VII əsrlərə aid tarixi mədəniyyət abidələrinə rast gəlmək olur. Bu abidələr Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tarixə düşüb. Tunc dövrünün sonuna aid tikililər, Qalakənd qalası, Namərdqala adı ilə tanınan Qız qalası, həmçinin, Tunc və dəmir dövrünə aid Qarabağ və Koroğlu qalaları da Gədəbəyin ərazisindədir. O cümlədən Söyüdlü kəndinin ərazisində yerləşən və ilkin dəmir dövrünə aid edilən Böyükqala dünya əhəmiyyətli abidələr siyahısına salınıb. 
 
Koroğlu qalası dəniz səviyyəsindən iki min metr hündürlükdə yerləşən qala-şəhərdir. Bu qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman edilir. Öz dövrünə görə yaşayış üçün hər şəraiti olan qalaya gil borularla su çəkilib. Qalanın içərisindəki gizli su anbarının və külək dəyirmanının qalıqları indiyədək qalır. Ətrafında bir neçə  mağara və qədim məbədin olduğu məlumdur. 
 
Gədəbəydə bir neçə qədim tağlı körpülər var. Bu körpülərin bir çoxu, xüsusən, yeddi tağı olan Qanlı körpü nadir memarlıq nümunələrindəndir. Onların bəzilərindən hazırda da istifadə olunur.  Rayon saysız-hesabsız mağaraları, albanlara məxsus kilsə və məbədləri ilə də diqqəti çəkir. Bunların hər birini özlüyündə iki minillik bir tarixi dövrün - Tunc dövrünün arxeoloji abidələridir.
 
Gədəbəyin görməli yerlərindən biri də rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşən Qalakənddir. XIX əsrin ortalarında Siemens qardaşları burda iki misəritmə zavodu tikdirmişdi. Vaxtı ilə bu zavod Çar Rusiyasında əridilən misin dörddə bir hissəsini istehsal edirdi. Qardaşlar Gədəbəydə aparılan arxeoloji qazıntıların nəticələri əsasında “Qalakənd” adlı elmi əsər də yazmışlar. Bu əsər hazırda Berlin Dövlət muzeyində saxlanılır. Misdən başqa Gədəbəy həmçinin qara və ağ mərmər, qızıl, firuzə yataqları ilə də zəngindir.  
 
Gədəbəy rayonundakı «Qızılça» yasaqlığı və dörd təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri, Çaldaş, Narzan, Mormor kimi mineral su bulaqları da diqqət çəkir. Ərazi heyvanat və bitki aləmi ilə çox zəngindir. 
 
Burada xalq sənətinin tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma növləri bu gün də yerli sənətkarlar tərəfindən qorunub saxlanır. Gədəbəyə qonaq gələnlər təbiətin əsrarəngiz gözəllikləri ilə təmasda olmaq, tarixi abidələri ziyarət etməklə yanaşı, yerli sənətkarların əl işlərini də xatirə olaraq özləri ilə apara bilərlər.