İravadi delfini
İravadi delfini- Delfinlər fəsiləsinə, İravadi delfinləri cinsinə aid su məməlisidir. Əsasən Hind okeanının Benqal körfəzi sahillərindən şimali Avstraliya sahillərinə qədər ki ərazilərdə yayılıblar. Cənub-Şərqi Asiyanın sahil sularında, həmçinin Mekonq (Laos və Kamboca), Mahakam (İndoneziya) və Iravadi (Birma) ərazilərinin təmiz sularında da rast gəlinir.
Digər delfinlərdən müəyyən xüsusiyyətlərinə görə fərqlənən İravadi delfinlərinin başlarının ön hissəsi donqardır. Sinə üzgəcləri enli və üçbucaqdır. Bel üzgəcləri də üçbucaqdır. Dərisinin rəngi boz-mavi, göyümtül-boz, qarın nahiyəsi isə nisbətən açıq rəngdə olur. Dişlərinin eni qısa, uzunluğu isə 1 sm-dir. Çəkiləri 114—143 kq, uzunluqları 146—275 sm-dir. Erkəklər bir qayda olaraq iri olurlar.
İravadi delfinləri 3-10 başdan ibarət olan qruplarda yaşayırlar. Onlar bir qrupdan digərinə keçə bilirlər. Onlar başını sudan kənara çıxararaq ətrafı müşahidə edirlər. Üzərkən başlarını sudan kənara çıxararaq nəfəs alırlar. Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır,cəld və sürətlə üzürlər. Onlar inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdir. Diri bala doğurlar. İravadi delfininin yeni doğulmuş balası 12 kq ağırlığında və uzunluğu 1 metrdən çox olur. Onlar 20-30 ilə qədər yaşayırlar. İravadi delfinləri həm dəniz, həm də təmiz suda yaşayır.
Iravadi delfini insanlara çox yaxındır. Yerli ərazilərdə balıqçılar onlara “İnsanın dostu” deyə müraciət edirlər. Bu delfinlərin fərdləri tez-tez balıqçı gəmilərini müşayiət edir və balıq sürüsünü yerli balıqçıların torlarına salmağa kömək edir. Lakin bəzən delfinlər məhz bu balıq torlarına ilişərək, onların içində qalaraq ölürlər.
Dünya Yabanı Təbiət Fondunun (WWF) mütəxəssisləri, Mekonq çayının İravadi delfinlərinin sürətli şəkildə azalmasından narahatdır. Foto-çəkiliş texnologiyasından istifadə edərək alimlərin son hesablamasına görə, bu unikal məməlilərin sayı kritik səviyyəyə düşmüşdür: bu gün bu dəniz məməlisinin 85 baş qaldığı güman edilir.
İravadi delfini Laos və Kambocada müqəddəs heyvan sayılır. Lakin, Asiya ölkələrindəki Iravadi delfinlərinin qorunmasına baxmayaraq, onların sayı sürətlə azalır. Ekspertlər bunu köhnə fərdlərin ölməsi və gənclərin yetkinlik yaşını yaşamamaları ilə izah edirlər.
29.04.2019