Təbiət

Dünyanın ən iri yırtıcı quşu - Kondor

Kondor – üç metrə çatan qanadları ilə dünyanın ən iri yırtıcı quşudur. Cənubi Amerikanın qərbindəki dağlarda And kondoru, ABŞ-ın Kaliforniya ştatının dağlıq ərazilərində isə Kaliforniya kondoru yayılmışdır. Bu quş təxminən 50 il ömür sürür. Kondor qayalıqlarda məskən salır. İki ildən bir və ya iki bala verir. 
 
Qədim hindu tayfası olan inklər kondoru günəş tanrısı ilə əlaqələndirir, onu “səmanın hakimi” hesab edirdilər. Bu günədək yerli hindular göydə süzən kondorun görülməsini uğurlu əlamət hesab edirlər. 
 
Jül Vernin “Kapitan Qrantın uşaqları” romanı sayəsində And kondoru dünya şöhrəti qazanmışdır. Belə ki, Pataqoniyaya səyahət zamanı kondor Robertə hücum edərək onu caynağında öz yuvasına aparmışdı. 
 
Əslində isə bu quş insanlara hücum etmir, ayaqlarının quruluşu isə ovu tutmağa və aparmağa imkan vermir. Buna görə də bu yırtıcı ovu elə tutduğu yerdə yeyir.
Kondorun əsas qidasını ölmüş heyvanlar – leş təşkil edir. Bəzən o, quzuların və digər heyvanların, xüsusilə də xəstə heyvanların ovuna çıxır.
 
Ov zamanı güclü görmə qabiliyyəti kondora kömək edir. O, səmada dairələr cızaraq süzür və birbaşa ovunu izləyir. Kondor bir neçə gün qidasız yaşaya, sonra isə bir dəfəyə bir neçə kiloqram ət yeyə bilir.  
 
İnfeksiyaların yayılmasının qarşısını alan kondor təbiətdə həm də sanitar rolunu oynayır. Kondorun sayının sürətlə azaldığı ərazilərdə mal-qara tələf olur və insanlar üçün təhlükəli xəstəliklər yayılır. Hazırda kondor Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir.