
Dəniz ulduzu dövrümüzə qədər gəlib çıxan ən qədim heyvanlardan biridir. Dəniz ulduzunun 1500-dən artıq növü məlumdur. Onlar xarici görünüşünə, ölçülərinə və rənginə görə fərqlənirlər.
Dəniz ulduzu okean və dənizlərdə yaşayır, şirin sularda yaşamağa uyğunlaşmayıblar. Dəniz ulduzunun bədəni adətən yastı və mərkəzi diskdən şaxələnən qollardan ibarət olur. Ağzı isə bədəninin alt hissəsində yerləşir.
Dəniz ulduzu sualtı həyat tərzi keçirir. Kənardan dəniz ulduzu hərəkətsiz görünə bilər. Əslində isə bu canlı olduqca yavaş hərəkət edir. Ayaqları vasitəsilə dəniz ulduzu təkcə “gəzmir”, həm də ikitaylı molyuskların ağzını açır.
Dayaz yerlərdə qidalanan dəniz ulduzu olduqca fəal yırtıcıdır. Onlar molyusklar, bığayaqlılar və xərçəngkimilərlə qidalanırlar. Dəniz ulduzunun bəzi növləri hətta uzaq məsafədən belə ovlarını hiss edə bilirlər. Hətta bəzən dəniz ulduzu ondan 12 metr uzaqlıqda yerləşən qidaya doğru iki gün hərəkət edir.
Dəniz ulduzunun dənizin dərinliklərində yaşayan və lillə qidalanan növləri də mövcuddur.
Dəniz ulduzunun olduqca qeyri-adi xüsusiyyətə - regenerasiya, yəni qopmuş ətrafların bərpası qabiliyyətinə malikdir. Dəniz ulduzu zədələnsə belə mərkəzi diskin əsas hissəsi qaldıqda o, yenidən zədələnmiş ətraflarını bərpa edərək sağlam canlıya çevrilə bilir.
16.12.2013