Dünyada sudan sonra ən çox istehlak edilən içki çaydır. 5 min illik bir keçmişi olan çay haqqında bir əfsanəyə görə, böyük Çin İmperatoru Shen Nungın xidmətçilərindən biri bağçada su qaynadarkən yarpaqlardan biri qaynayan suyun içinə düşmüş və sudan yayılan qoxu imperatorun çox xoşuna gəlmişdir. Qoxunu bəyənən imperator yarpaq düşmüş suydan içir və aldığı dadı çox bəyənir. O gündən sonra çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir. Çayın bugünkü dəmlənmə şəkli isə 4 min il bundan öncə kəşf edilmişdir. Bu gün dünyada təxminən 1500 çay növü var.