“Şagird həftəsi” layihəsinə start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisəsində “Şagird həftəsi” layihəsinə start verilib.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi şagirdlərə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətləri aşılamaq, məktəbliləri ixtisas seçimi ilə bağlı məlumatlandırmaq və praktiki tapşırıqlar vasitəsilə onların bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Paytaxtdakı 263 nömrəli tam orta məktəbdə həyata keçirilən layihə çərçivəsində tədris nailiyyətləri və bacarıq qabiliyyətləri ilə fərqlənən şagirdlər bir gün ərzində məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri, psixoloq, hərbi rəhbər kimi vəzifələri icra ediblər. Şagirdlər vəzifələrini məharətlə yerinə yetirməyə çalışıblar.
Məktəbin VIII, IX, X, XI sinif şagirdləri tədris prosesi, inzibati və digər işlərlə bağlı müvafiq qərarlar qəbul ediblər. Bundan əlavə, şagirdlərə sevdikləri fənni tədris etmələri üçün şərait yaradılıb.
Layihə çərçivəsində məktəblilər Xətai Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış olublar. Məktəblilərin gələcəkdə öz karyeralarını inkişaf etdirmələri üçün onlara məsləhətlər verilib. Bundan başqa, layihə çərçivəsində şagirdlərin ali təhsil müəssisələrinə ekskursiyası da nəzərdə tutulub.
Qeyd edək ki, məktəbdə “Şagird həftəsi” layihəsi ilə bağlı “Açıq qapı” günü təşkil olunacaq. “Açıq qapı” günündə valideynlərə layihə çərçivəsində məktəb idarəetməsində iştirak edən şagirdlər və həftə ərzində yerinə yetirilən tapşırıqlar haqqında geniş məlumat veriləcək.
25.10.2018