Xəbərlər

Dişlə doğulan uşaqlar

Uşaqların bir və ya bir neçə dişlə doğulması nadir hallardan biridir. Adətən uşaqlarda ilk dişlər 6-7 aylığında çıxır. Bəzən 4-5 aylığında diş çıxması halları da olur. Əgər uşaqlar dişlə doğulurlarsa və ya dünyaya gəldikdən 30 gün müddətində onların dişləri çıxırsa, bu dişlər natal və neonatal dişlər adlanır. Belə hallara qız uşaqlarında daha çox rast gəlinir.Tibb elmləri üzrə fəlsəfə doktoru, ağız və çənə cərrahı, estetik stomatoloq Hüseyn Hüseynzadə bildirir ki, uşaqların dişlə doğulmasının səbəbi hələ ki elmə tam məlum deyil. Dişlərin mayası hamiləliyin ilk aylarında formalaşır. Buna görə də ananın orqanizmində olan vitaminlər və mikroelementlərin miqdarı, ananın həyat tərzi və qidalanması bu növ halların yaranması ilə bilavasitə bağlıdır.

 

Anadangəlmə dişlərin xəstəlik olmadığını deyən alimlər onu qanda kalsium artıqlığı və genetik amillərlə bağlı olduğunu bildirirlər. Bu hal ciddi fəsad yaratmasa da körpələr tez-tez dillərini tərpətdikləri üçün erkən dişlər dilaltı pərdəni zədələyə bilər.

 

Həkim anadangəlmə dişlərin anomaliya və qorxulu xəstəlik sayılmadığını söyləyirlər. Bundan əlavə, erkən dişlər gələcəkdə daimi dişlərdə hər hansı qüsur və ciddi problem də yaratmır.