Dünyanın ən kiçik ölkəsi - Vatikan
Vatikan ərazisinə və əhali sayına görə dünyanın ən kiçik ölkəsidir. Ölkə İtaliyanın paytaxtı Romanın qərbində yerləşir.
Ölkənin ərazisi 44 hektar və əhalisi mindən çoxdur. Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya 11 fevral 1929-cu il tarixində Roma Katolik kilsəsi və İtaliya rəhbərliyi arasında Lüteran sazişi əsasında yaradılıb. İtaliya paytaxtı Roma şəhərinin qərbində Monte-Vatikano adlanan təpə üzərində yerləşib. Şəhər dövlətlərinin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Belə kiçik ərazidə yerləşməsinə baxmayaraq onun özünün 750 metr uzunluğunda dəmiryol xətti, vağzalı, poçt markaları, himni, gerbi, bayrağı, polisi, hətta həbsxanası da var.
Vatikanı açıq səma altında muzey adlandırmaq olar. Bütün şəhər divarlarla əhatə olunub. Vatikan vətəndaşları iki kateqoriyaya bölünür: Müqəddəs Taxta xidmət edənlər və Papanın şəxsi İsveçrə qvardiyası. Burada vətəndaşlıq nəsildən nəslə keçmir və təqaüdə çıxdıqda vətəndaşlıq geri alınır. Bir şəxs artıq Vatikan vətəndaşlığından çıxdıqda və başqa heç bir vətəndaşlığı olmadıqda ona İtaliya vətəndaşlığı verilir.
Vatikan qeyri-kommersiya iqtisadi planına sahibdir. Daha doğrusu ölkənin əsas gəlir mənbəyi bütün dünyadan olan katoliklərin ianələri, turizm və suvenirlərin satışıdır. Ölkənin illik büdcəsi təqribi olaraq 310 milyon dollar olaraq qiymətləndirilir. Vatikan dünyanın ən böyük maliyyə mərkəzi, aksiya (qiymətli kağız) və kapital sahibidir. Ölkədə olan aksiyaların və başqa qiymətli əşyaların, o cümlədən qızıl ehtiyatı da daxil olmaqla dəyəri 13 milyard ABŞ dollarından artıqdır. Vatikan, eyni zamanda, İtaliya, İspaniya, Almaniya, Latın Amerikasının əksər ölkələrində iri torpaq, mülk sahibkarıdır.
Vatikan dünyanın müxtəlif ölkələrində 100-dən artıq qəzet və jurnal çap etdirir. Vatikan radiosu dünyanın 32 dilində verilişlər aparır. Ölkədə informasiya agentliyi və xüsusi teleproqramlar hazırlayan mərkəz mövcuddur.