Odlar Yurdu

Möcüzələr adası – Neft Daşları

Bu gün “Neft Daşları” kimi tanınan məkan bəzən dünyanın səkkizinci möcüzəsi,  yeddi gəmi adası, möcüzələr adası da adlandırılıb. Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən Neft Daşları dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə salınıb.

Əfsanəvi Neft Daşlarının kəşfi neftçi-geoloq Ağaqurban Əliyevin adı ilə bağlıdır. Ərazidə ilk kəşfiyyat buruğunun yerini məşhur neftçi Yusif Səfərov müəyyənləşdirib, ilk kəşfiyyat quyusunu isə Mixail Kaveroçkinin briqadası qazıb.

1948-ci il noyabrın 14-də yağışlı, tufanlı bir gündə “Qara daşlar”a “Pobeda” gəmisində 23 nəfərdən ibarət qrup gəlir. Onlar ilk qazma qurğusunu və briqada üçün kiçik evcik tikirlər. Xərclərə qənaət məqsədilə 7 istifadəsiz iri gəmi gətirilərək “Qara daşlar”ın yanında basdırılır. Gəmilər neftçiləri dalğalardan qoruyur, onlar üçün ev, anbar, idarə, istirahət yeri olur. Bu səbəbdən də həmin illərdə “yeddi gəmi adası” ifadəsi işlədilir.

1949-cu il  noyabrın 7-də ilk yatağın 942 metr dərinliyindən neft fəvvarə vurur və bununla da dənizdə neftçıxarmanın əsası qoyulur. Quyunun gündəlik istismarı 100 ton idi. Bu nailiyyətin şərəfinə ərazinin əvvəlki adı “Qara daşlar” “Neft Daşları” ilə əvəzlənir. Üç il sonra burada dünyada ilk dəfə olaraq estakadalar tikilir. 1957-ci il noyabrın 21-də güclü qasırğa zamanı 21 nəfər faciəli şəkildə həlak olur. Çətin dəniz şəraitində çalışan, dalğalarla üz-üzə qalan qəhrəman neftçilərimiz 1958-ci ildə “Neft Daşları”nda yeni qəsəbənin bünövrəsini qoyurlar.

Neft Daşları haqqında “Möcüzələr adası”, “Qara daşlar”, “Xəzər neftçiləri haqqında povest”, “Dəniz fatehləri”, “Dənizdə möcüzə”, “İki Xəzər”, “Polad dirəklər üzərində şəhər”, “Neft Daşları - su üzərində şəhər” və digər filmlər çəkilib.

Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə Neft Daşlarına əsərlər həsr ediblər. Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tahir Salahov bu möcüzələr adasını tabloda əks etdiriblər.

Ceyms Bondun sərgüzəştləri silsiləsindən “Dünya kifayət deyil” filminin bəzi kadrları Neft Daşlarında lentə alınıb. Neft Daşlarında bu gün yaşayış binaları, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Polad estakadalar üstündə ağaclar əkilib, park salınıb. Qəsəbəni dəniz sağlamlıq kurortu və turizm mərkəzi kimi parlaq gələcək gözləyir.

Neft Daşlarına Bakıdan kater və helikopterlə getmək olar. Yüksəklikdən şəhər böyük hörümçək toruna bənzəyir. Dəniz üzərindəki qeyri-adi yollarla yük və minik avtomobilləri hərəkət edir.