Tukan quşu
Tukanı başqa quşlarla səhv salmaq mümkün deyil. Quşlar arasında ən böyük dimdik tukanındır. Bəs tukan harada yaşayır və belə böyük burun onun nəyinə lazımdır? Tukanın məskəni Cənubi Amerikadır, Meksikadan başlamış Şimali Argentinaya qədər geniş ərzində məskunlaşıb. Libasında göy qurşağının bütün rəngləri olduğu üçün dünyanın ən yaraşıqlı quşu adına namizəd ola bilər. Tukanın səmavi mavi gözləri heç kəsi biganə qoymur.
Tukanın dimdiyi onun bədəninin uzunluğunun üçdəbir hissəsinə bərabərdir. Amma bu yekəliyində burnu daşımaq quş üçün elə də çətin deyil. Dimdiyi zahirən iri olsa da, əslində, yüngüldür, çünki saçlarımızın və dırnaqlarımızın əsasını təşkil edən keratin deyilən maddədən ibarətdir. Üstəlik, tukanın dimdiyinin içində xüsusi hava kameraları var. Buna görə də onun dimdiyi həm möhkəm, həm də yüngüldür. Tukan dimdiyi ilə özünə yem axtarır. Dimdiyindəki dişəklər meyvələri yarmağa kömək edir. Bundan əlavə, tukan dimdiyi ilə başqa quşların yumurtalarını sındırır, həşərat və kərtənkələləri ovlayır. Qalan hallarda dimdiyi ona daha çox gözəllik bəxş edir, hərçənd bu cür “bəzəyin” müəyyən faydası da var. Belə “qüdrətli” silahın aldadıcı olduğunu başa düşməyən yırtıcı heyvanlar onun sahibindən uzaq gəzməyə çalışır, ona ilişmir. Amma cəsarəti qorxusuna üstün gələnlər dərhal başa düşür ki, yekəpər dimdik iti dişlər və caynaqlarla müqayisədə tamamilə gücsüzdür. Yaxşı ki, cəngəlliklərdə belə cəsarətli ovçuların sayı o qədər də çox deyil, yoxsa tukanın nəsli çoxdan kəsilərdi.
Tukan özünə yuva qurmur, hazır yuvaya köçür. Bu məqsədlə ağaclarda təbii, yaxud əvvəlki sahiblərinin qoyub getdiyi oyuqlar axtarır. Tukan ildə bir dəfə nəsil artırır. Ömür-gün yoldaşını bir dəfə seçir. Tukan cütlüyü yumurtaların üstündə növbə ilə oturur. Körpə tukanlar yumurtadan çıxanda kor, zəif və lüt-ətcəbala olur. Bala tukanlar ətə-cana dolana qədər - iki müddətində valideynləri ilə birlikdə ağacın oyuğunda yaşayır. Tukan fərasətli və sadəlövh quşdur. Ekzotik quşları sevənlər onları asanlıqla əhliləşdirir. Bu səbəbdən tukanları getdikcə daha çox ev quşları kimi saxlayırlar. Qəfəsdə saxlanılan tukan şıltaq deyil, sahibi nə verirsə, onu da (toxum, ot, çörək, sıyıq, meyvə-tərəvəz, balıq və hətta ət) yeyir. Təəssüf ki, Cənubi Amerika sakinləri tukanın ala-bəzək lələklərini təkcə canlı deyil, həm də bəzək şəklində görmək istəyirlər. Bəzək əşyalarını tukanın döşündəki narıncı tüklərdən hazırlayırlar. Bu quşun əti də çox dadlıdır və Latın Amerikası mətbəxində geniş istifadə olunur.