Karel nağılı. Qara ördək balası
Biri varmış, biri yoxmuş, keçmişdə dəniz sahilində bir qoca kişi ilə bir qarı varmış. Onların da bir oğlu və bir qızı varmış. Ölümqabağı qocalar balalarına öyüd-nəsihət verib tapşırırlar:
— Həmişə bir-birinizə yaxın olun, can deyib can eşidin. Hər vaxt bir-birinizə kömək eləyin, bir-birinizin qayğısına qalın, dadına çatın, balalarım!
Qocalar Allah rəhmətinə gedirlər. Bacı-qardaş tək qalır. Qardaş meşəyə ov ovlamağa gedir, bacı da evdə yır-yığışla məşğul olur. Hə, onu da deyim ki, bu bacı-qardaş o qədər yaraşıqlı, gözəl idilər ki, yer üzündə gözəllikdə bunlara çatan olmazdı.
Günlərin bir günü qardaş meşədə ov ovlayarkən padşahın oğluna rast gəlir. Şahzadə oğlan bu cavan oğlana baxıb valeh olur, ov tamam yadından çıxır. Şahzadə oğlan deyir:
— Ey cavan oğlan, bir mənə de görüm, sənin bacın varmı? Yəqin, o da sənin kimi gözəldir, eləmi?
Oğlan cavab verir:
— Xeyr, o məndən qat-qat gözəldir.
— Elə isə, gəl bacını ver mənə, — şahzadə xahiş edir. — Bacını mənə vermiş olsan, sənə padşaha layiq bəxşiş verərəm. İstəsən, lap köçüb gələrsən saraya, bizimlə birgə yaşayarsan.
Qardaş qayıdıb gəlir evlərinə, bacısına deyir:
— Mən meşədə şahzadəni gördüm. O səninlə evlənmək istəyir.
Bacısı deyir:
— Atamla anamın döydükləri taxılı kirkirədə üyüdüb qurtarmayınca ərə gedən deyiləm.
Səhəri gün qardaş yenə meşədə şahzadəyə rast gəlir. Şahzadə soruşur:
— Hə, necə oldu, bacın mənə gəlirmi?
Qardaş cavab verir:
— Bacım deyir ki, atamla anamın döydükləri dəni kirkirədə üyüdüb qurtarmayınca ərə gedən deyil.
Şahzadə fikrə gedir. Axşam qardaşı bacısına deyir:
— Yenə şahzadə sənin barəndə məndən soruşurdu.
Bacısı cavab verir:
— Atamın anama düzəltdiyi həvəngdəstəni əzib toz halına salmayınca ərə gedən deyiləm.
Üçüncü gün yenə qardaşı meşədə şahzadə ilə rastlaşır, axşam bacısına deyir. Bacısı cavab verir:
— Mehriban atamın düzəltdiyi taxta kandarı tumanımın ətəyi ilə sürtüb aparmayınca ərə gedən deyiləm.
Qardaşı bunların hamısını şahzadəyə xəbər verir. Padşahın oğlu deyir:
— Bacın su gətirməyə gedəndə sən kirkirəni də, həvəngdəstəni də, qapının kandarını da doğram-doğram elə, sonra da ehmalca yapışdır.
Şahzadə necə demişdisə, qardaş hamısını bircə-birə eləyir. Bacı sudan qayıdıb gəlir, heç bir şey hiss eləmir. Səhər durub gedir dən üyütməyə. Kirkirəni hərləməyə başlayır, yaman kimi sınıb parçalanır. Zirzəmiyə gedir ki, həvəngdəstəni döyəcləsin, həvəngdəstə parça-parça olur. Gedır evə, qapının kandarına ayağını qoyan kimi kandar uçulub dağılır.
Qız deyir:
— Görünür, ərə getmək vaxtım çatıb.
Bacı-qardaş yığışırlar, Xallı adlı itlərini də özləri ilə götürüb qayığa minirlər, sahilin qırağı ilə üzə-üzə şəhərə gedirlər. Elə hey avar çəkirlər… Gözlənilmədən meşə cadugəri Syüetar qarı gəlib sahilə çıxır. Qarı qışqırır:
— Məni də mindirin qayığa! Elə yorulmuşam ki, yeriməyə taqətim yoxdur.
Bacı qardaşa deyir:
— Onu götürmək lazım deyil, bu, Syüetar qaridir. O olan yerdə xəta, bəla baş verir. Şərdən xeyir gözləmə!
Onlar üzüb gedirlər. Syüetar qarı da sahilboyu qaça-qaça qışqırır:
— Ey xeyirxah adamlar, məni də qayığa götürün! Ayaqlarım yorulub, lap heydən düşüb. Kol-kos ayaqlarımı cızıq-cızıq eləyib, qarışqalar dişdəm-dişdəm eləyib.
Bacısı deyir:
— Lazım deyil. Syüetar məhv edər bizi. Onun fikri-zikri ancaq pislik eləməkdir.
Yenə üzüb gedirlər. Burunun yanından dönəndə qayıq lap sahilə yaxınlaşır, bu vaxt qarı fürsət tapıb tullanar qayığa. Qızın yanında oturur, o saat qızın qulağı tutulur.
Bu vaxt qardaşı deyir:
— Budur, bax, padşahın şəhəri görünür. Bacıcan, hazırlaş, ən yaxşı paltarlarını geyin.
Bacısı qardaşının dediklərini eşitmir.
— Canım qardaş, sən nə deyirsən?
Syüetar qarı qızın qulağına qışqıra-qışqıra deyir:
— Qardaşın deyir: “Tüpür suya, tullan dənizə, ol qara ördək!”
Qızın qanı qaralır, fikrə gedir. Bir az keçmiş qardaşı deyir:
— Budur, bax, şəhər divarları görünür. Bacıcan, hazırlaş, yaraşıqlı yaylığını sal başına.
Bacısı eşitmir. Syüetar qarı yenə qızın qulağına qışqırır:
— Qardaşın deyir: “Tüpür suya, tullan dənizə, ol qara ördək!”
Bacısı fikirləşir: “Görəsən, qardaşımın niyə belə acığı tutub?”
Qardaşı bir az keçmiş deyir:
— Padşahın imarəti par-par parıldayır. Bacıcan, hazırlaş, qiymətli həmayilini tax boğazına.
Bacısı eşitmir.
— Mənim mehriban qardaşım yenə nə deyir?
Syüetar qarı qızın qulağına qışqırır ki:
— Qardaşın deyir: “Tüpür suya, tullan dənizə, ol qara ördək!”
Necə eləsin? Qız ağlayır. Qardaşının sözündən çıxa bilməz axı. Atası ilə anası ölümqabağı tapşırıblar: “Qardaşına həmişə qulaq asarsan”. Qız tüpürür suya, gözlərini yumub atılır dənizə. Bu vaxt Syüetar qarı qızı ovsünlayıb eləyir qara ördək. Qarı qızın ən yaxşı paltarını geyinir, yaraşıqlı yaylığını başına bağlayır, bahalı boyunbağısını boynuna taxır. Özü olur gəlin. Onlar yan alırlar sahilə, padşahın şəhərinə gəlib çatırlar. Şahzadənin imarətində isə artıq toya hazırlıq görülüb qurtarmışdı.
Şahzadə qonaqları ilə birlikdə gəlinin pişvazına çıxır, yaman sevinir. Ancaq gəlini yaxından görən kimi sevinci tamam yox olur. Yazıq şahzadə quruyub qalır, bilmir, nə eləsin. Qayıqdan düşən bu ifritə kimdir belə? Axı o lovğalanırdı: “Mənim nişanlım dünya gözəlidir”.
Şahzadə deyir:
— Eh, cavan oğlan, sən məni yaman aldatdın!
Qonaqlar isə toyu gözləyirdilər. Demək, toy olmalıdır. Şahzadə Syüetar cadugərlə evlənir. Yalan danışdığına görə şahzadə əmr edir ki, cavan oğlanı doqquz vəhşi ayğırlə bir tövləyə salıb tövlənin qapısını arxadan bağlasınlar. “Qoy ayğırlər onu tapdalayıb əzsinlər, adam aldatmağın nə olduğunu onda bilər”.
Gecə olur. Hamı şirin-şirin yatır. Qara ördək də üzə-üzə sahilə yaxınlaşır, yanında şahzadə üçün gümüşü köynək gətirir. Oxuyur:
Sevimli, vəfalı dostum, hayanım,
Mən duran sahilə qaç gəl, ey itim.
Öldürdü dərd məni, yoxdur duyanım,
Qardaş itkin düşüb, qalmışam yetim!
Xallı qaçıb gəlir qızın yanına, deyir:
— Sənin sevimli qardaşını şahzadə doqquz vəhşi ayğırlə bir yerdə tövləyə salıb ki, tələf olsun.
Bacısı başlayır oxumağa:
Tez qaç gəl, di durma, vəfalı itim,
Səni səsləyirəm Xallı köpəyim.
Tez ol, şahzadənin yanına get sən,
Onunçün hədiyyə apar köynəyi.
Elə get, eşidən, bilən olmasın,
Qapı açılanda görən olmasın.
Rəzanın, cəfənin tıqqıltısına
Nökər-qaravaşlar səs-küy salmasın.
Qız gümüşü köynəyi itə verir, özü isə fikirləşir: “Qoy şahzadə bu köynəyə baxıb qardaşıma rəhm eləsin”.
Xallı səssizcə padşahın imarətinə girir, elə keçir ki, nə cəftə tıqqıldayır, nə də qapılar cırıldayır. Evdəkilərin heç biri oyanmır. İt köynəyi şahzadənin başının altına qoyub qaçır. Səhər şahzadə yuxudan oyanır, gümüş köynəyi görüb soruşur:
— Bunu kim tikib?
Şahzadənin arvadı — Syüetar qarı deyir:
— Bunu mən gecə tikmişəm. Gecələr gözlərim yumulu, əllərim isə işləyir.
Şahzadə mat qalır, fikrə gedir, inanmır, vəhşi ayğırlərlə bir yerdə tövləyə saldığı o yazıq cavan oğlan yadına düşür. Deyir:
— Ey nökərlər, əgər həmin o cavan oğlan hələ sağdırsa, onu tövlədən çıxarıb salın peyəyə, qoy inəklərin yanında qalsın.
Özü isə köynəyi götürüb anasının yanına gedir. Şahzadənin anası deyir:
— Sənin köynəyin gümüşüdür, elə bil xırda balıq pullarından düzəldilib. Onu haradan almısan?
Şahzadə bilmir, nə cavab versin, çıxıb gedir, əvvəlkindən daha dərin fikrə dalır.
Gecə olur. Hamı şirin-şirin yatır. Yenə qara ördək üzə-üzə sahilə gəlir, şahzadəyə bir gümüşü süfrə gətirir, başlayır oxumağa:
Sevimli, vəfalı dostum, hayanım,
Mən duran sahilə qaç gəl, ey itim.
Mən necə ağlayım! Mən necə yanım!
Qardaş itkin düşüb, qalmışam yetim!
Xallı tez qaçıb gəlir qızın yanına, deyir:
— Qardaşın sağ-salamatdır, onu inəklərin yanına peyəyə keçiriblər. Ora pis deyil.
Bacı gümüşü süfrəni itə verib deyir:
— Bunu apar ver şahzadəyə, qoy buna baxıb qardaşıma mərhəmət eləsin.
Xallı səssizcə şahzadənin evinə girir, ehmalca gümüşü süfrəni şahzadənin başının altına qoyub qaçır. Heç kəs yuxudan oyanmır. Hətta ifritə Syüetar qarı da heç nə hiss eləmir. Səhər şahzadə gümüşü süfrəni görən kimi soruşur:
— Bu nədir? Haradan bura gəlib çıxıb?
Arvadı cavab verir:
— Mən bütün gecəni işləmişəm, səndən ötrü çalışmışam. Gözlərim gecələr yatır, əllərim isə yorulmadan işləyir.
Şahzadə yenə inanmır, fikrə gedir, bu dəfə də o fağır oğlanı yadına salır. Əmr verir ki, oğlanı qoyunların yanına keçirirlər. Özü isə bir xeyli durub süfrəyə tamaşa edir. Məlum olur ki, süfrə gümüşü balıq pullarından düzəldilib.
Şahzadə köynəyi də, süfrəni də götürüb dəniz sahilindəki balaca daxmada yaşayan, saç-birçəyi ağarmış bir nurani qarının yanına gedir. Bu qarı onların yurdunda öz müdrikliyi ilə seçilirdi.
Şahzadə qarından soruşur:
— Ay nənə, bilmirsən, bu şeylər mənə haradan gəlib çıxıb?
Qarı cavab verir:
— Niyə bilmirəm, a bala? Bu işlər gözəllər gözəli, sənin nişanlınındır, həmin cavan oğlanın bacısının, o oğlanın ki nahaq yerə incidirdin. İfritə Syüetar qarı sənə kələk gəlib, gözəl qızın əvəzinə özü sənə arvad olub, qızı isə qara ördəyə döndərib. İki gecədir, dalbadal ördək sahilə çıxıb sənə hədiyyə gətirir, Xallı adlı itin vasitəsilə hədiyyələri yollayıb ki, onun sevimli qardaşına mərhəmətli olasan. Bu gün Xallı ilə xudahafizləşmək üçün ördək axırıncı dəfə sahilə çıxacaq. Sabah isə cənuba uçub-gedəcək.
Şahzadə deyir:
— Ay nənə, bəs indi necə eləyək? Nişanlım qara ördəyin tilsimini nə sayaq açaq?
— İndi sən dur get evə, yazıq oğlanı azad elə, ifritə Syüetarin gözündən uzaq bir yerdə gizlət. Axşam dur gəl sahilə, qara ördək sahilə üzə çıxanda durub gözlə. Elə ki ördək çıxıb başladı oxumağa, o dəqiqə tut onu. Sonra da sol çiyninin üstündən arxa tərəfə tulla. Onun tilsimini sındırmaq asan iş deyil. O, cürbəcür heyvan cildinə girəcək, qorxub-eləməzsən, hamısını bir-bir sol çiyninin üstündən cəsarətlə arxaya atarsan.
— Sağ ol, nənə, — deyib, şahzadə çıxıb gedir.
Evdə nökərlərə əmr edir ki, cavan oğlanı azad eləsinlər və sarayın ən uzaq otaqlarından birinə aparsınlar. Axşam şahzadə durub gəlir sahilə, qarının daxmasının dalında gizlənir.
Gecə olur. Qara ördək üzə-üzə sahilə yaxınlaşır, sudan çıxıb başlayır oxumağa:
Gəl, Xallı köpəyim, eylə sən kərəm,
Bu sahil dediyin qanlı səngərə.
Tutaşım bu dərdə, qəmə son kərə…
Hardadır qardaşım, cavab versənə?!
Şahzadə cəld daxmanın dalından çıxıb qara ördəyi tutur, sol çiyninin üstündən arxaya tullayır. Dönüb baxanda görür, ilandır. Şahzadə ilanı tutub sol çiyninin üstündən arxaya tullayır. Dönüb baxanda iri bir kərtənkələ görür. Şahzadə kərtənkələni də götürüb sol çiyninin üstündən arxa tərəfə tullayır. Dönüb dala baxanda görür, quru qurbağasıdır. Şahzadə qurbağanı da götürüb sol çiyninin üstündən arxasına tullayır. Dönüb dala baxanda görür, gözəl bir qız dayanıb, elə gözəldir ki, əgər ümmanlar mürəkkəb olsa, meşələr qələm, yenə bu qızın gözəlliyini təsvir etməklə qurtarmaq olmaz.
Şahzadə qışqırır:
— Mənim nişanlım bax budur!
Sonra yavaşca deyir:
— Gəl mənə, alım səni.
Qız cavab verir:
— Yox, gəlmirəm. İfritə Syüetar təzədən məni məhv edər.
Şahzadə deyir:
— Mən səni burda, bu sahildə, bax bu daxmada, həmin mehriban qarının yanında qoyub gedərəm. İfritə Syüetar mənim şəhərimdən çıxıb gedəndən sonra yanına qayıdaram.
Şahzadə qayıdıb gedir evinə, nökərlərinə əmr edir ki, ifritəni tutsunlar, əl-ayağını sarısınlar, aparıb qaranlıq meşəyə atsınlar. Qoca Syüetar yalvar-yaxar edib deyir:
— Eh şahzadə, mənə rəhmın gəlsin, bir də şər iş görmərəm, məni öldürtmə, qoy sağ qalam. Mən bir daha meşədən kənara çıxmaram.
Şahzadə əmr eləyir ki, ifritənin əl-ayağını açsınlar. Xidmətçilər Syüetarı meşəyə aparırlar.
Şahzadə durub gedir dəniz sahilinə, gözəl qızın qolundan tutub gətirir evinə. Müdrik qarıya şaha layiq hədiyyə verir. Səhəri də elə bir toy məclisi düzəldir ki, hələ heç kəs ömründə belə bir məclis, ziyafət görməyib. Şahzadə öz gözəl-göyçək arvadı ilə xoşbəxt yaşayıb uzun ömür sürürlər.
19.10.2026