Nağıllar, hekayələr

Coşqun Xəliloğlu. İki Gülbalanın nağılı

Biri var idi, biri yox idi, lap yaxın zamanlarda bir kənddə iki Gülbala var idi. Onlardan biri kəndin aşağı başında, o biri isə yuxarı başında yaşayırdı. Yaşları eyni olduğundan kənddəki yeganə məktəbdə, eyni sinifdə oxuyurdular. İş elə gətirmişdi ki, uşaqların hər ikisinin soyadı Məmmədli idi. Ona görə də müəllimlər Gülbalagilin adını jurnalda yazıldığı kimi atanın adını qeyd etməklə çağırırdılar. Sinif yoldaşları da bir müddət belə etdilər. Amma sonra gördülər ki atalarının adı ilə çağırmaq uzun olur. Ona görə də öz aralarında uşaqları zarafatla “Qorxaq” Gülbala və “Qoçaq” Gülbala adlandırdılar. 


Gülbalanın biri sakit, utancaq idi. Dərslərini yaxşı oxuyurdu, heç kəslə işi yox idi, söyüş söyməzdi, şit-şit danışmazdı. Uşaqlar dərsdən sonra oynayanda, onlara qoşulmaz, deyərdi ki, atam icazə vermir. Çayda çimməyə getməzdi ki, anasına deməyib. Uşaqlar bəzən onu ələ salmaq istəyəndə sakitcə, təmkinlə cavabların verərdi. Amma yenə də ona  “Qorxaq” Gülbala deyirdilər.


O biri Gülbala şuluq idi, dərslərini pis oxuyurdu. Hətta iki dəfə uşaqları dərsdən qaçmağa məcbur etmişdi. Bir dəfə qızlardan birinin çantasına siçan qoymuş, bir dəfə də sinfə ilan gətirmişdi. Kənddə toy olanda özündən böyüklərə qoşulub rəqs edər, hətta qonşunun bağından meyvə də oğurlayardı. Sinifdə özünü hamıdan güclü hesab edirdi. Axı, o dostlarının dediyi kimi, “Qoçaq” Gülbala idi.


İllər keçdi, uşaqlar böyüdülər, orta məktəbi qurtardılar. Amma sinif yoldaşları, eləcə də kəndin bəzi adamları yenə də onları əvvəlki adla çağırmaqda davam edirdilər. “Qorxaq” Gülbala kollecə daxil oldu. “Qoçaq” Gülbala isə gah çilingər, gah qəssaba kömək elədi, gah da rayon mərkəzindən pal-paltar alıb kənddə satdı.


“Qorxaq” Gülbala təhsilini başa vurub kənddə baytar işləməyə başladı. Doğru-dürüst, savadlı, nəcib və xeyirxah olduğundan sadə kənd camaatı  ondan razılıq edirdi.


“Qoçaq” Gülbala ticarətin, yaxşı qazanmağın yollarını tapmışdı. Yavaş-yavaş özünü tutur, var- dövlət sahibi olurdu. Pulu olduğundan məclislərdə başa çəkilir, toylarda sağlıq demək üçün ona xüsusi söz verilirdi. Hətta o, siyasətə də baş qoşurdu. Dəfələrlə demişdi ki, müharibə başlasın, könüllü gedəcəm davaya, tayqulaqları öz əlimlə cəhənnəmə vasil edəcəm, sübut edəcəyəm ki, “Qoçaq” Gülbala adı mənə elə-belə verilməyib. Camaat da ona inanır,  düşünürdü ki, oğul olanda da beləsindən olasan e...  Hələ bu harasıdır ki... rayondan, lap elə Bakıdan sanballı bir qonaq gəlsə, mütləq “Qoçaq” Gülbalanın qonağı olmalıydı.


2020-ci ilin sentyabrında yalançı və boş vədlərdən, boş danışıqlardan bezmiş, gözləməkdən boğaza yığılmış xalqımız düşmənlərin növbəti dəfə atəşkəsi pozmaq cəhdinin qarşısını almaq və torpaqlarımızı yağı tapdağından azad etmək məqsədi ilə ölüm-dirim mübarizəsinə qalxdı. Hər bir namuslu, qeyrətli Azərbaycan vətəndaşı ordumuzun qələbəsinə dəstək vermək üçün əlindən gələni etdi.


“Qorxaq” Gülbala iki azyaşlı övladı olmasına baxmayaraq könüllü olaraq orduya yazıldı. Əsgərlikdə topçu olmuş, peşəkarlığına, nümunəvi xidmətinə görə təltif edilmişdi. Ona görə də qısa müddətli təlim keçdikdən sonra onu qaynar döyüş bölgələrinə göndərdilər. Neçə-neçə yaşayış məntəqəsinin mənfur erməni faşistlərindən azad edilməsində sücaətlə, qəhrəmanlıqla döyüşdü. Əsgər yoldaşlarının sevimlisi oldu,  neçə-neçə düşməni məhv elədi. Ağır döyüşlərin birində isə qəlpə yarası alaraq şəhidlik zirvəsinə yüksəldi. Şəhid olmazdan əvvəl – “Qələbəmizə lap az qalıb. Qarabağ bizimdir!”, dedi.


Kənd qəbiristanlığına o qədər adam toplaşmışdı ki, indiyə qədər nə bu kənd, nə də bu məzarlıq belə qələbəlik görməmişdi. Yüksək rütbəli zabitlər, şəhidin döyüş yoldaşları qəhrəmanın hünərindən elə böyük hörmətlə, elə heyranlıqla danışırdılar ki həmin gün Gülbalanı dəfn edən kəndin adamları özlərini nəinki bu kəndin, dünyanın ən bəxtəvər, ən cəsur, ən bəxtli, ən qürurlu insanları sanırdılar. Bir vaxtlar ona “Qorxaq” Gülbala dediklərinə, onunla yersiz zarafat etdiklərinə görə sinif yoldaşları elə peşman olmuşdular ki, sözlə ifadə etmək mümkün deyildi.


O gündən başlayaraq “Şəhid Gülbala” deyəndə xəyalda ucalıq, ölməzlik, əbədilik canlanırdı. Onun məzarını ziyarət edənlərin ardı-arası kəsilmirdi. Məktəblilər hörmət və fəxrlə qəhrəmanın məzarı önündə şerirlər söyləyirdilər.


...Müharibə başlayandan sonra “Qoçaq” Gülbalanı görən yox idi, o sanki ilim-ilim itmişdi. Qohumları xəbər uydurub yaymışdılar ki, onu hamı tanıyır. Düşmənlər duyuq düşməsinlər deyə, geyimini, imicini dəyişərək döyüş bölgələrinə gedir, əsgərlərimizlə görüşür, onlara pul-parasını xərcləyir.


Müharibə qurtardı, düşmən təslim oldu, böyük qələbə qazandıq. “Qoçaq” Gülbaladan isə  xəbər yox idi. Bir gün çayxanada Tapdıq dedi ki, Türkiyəyə köçüb, orada iş qurub. Saqf isə etiraz etdi ki, yalan sözdü, Bakıda yaşayır, restoran işlədir.


...Kəndə xəbər yayıldı – Gülbala avtomobil qəzası törədib, ağır vəziyyətdədir. Elə həmin gün televiziyada xəbər təsdiqləndi. Sərxoş vəziyyətdə avtomobili idarə edən biznesmen Gülbala yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törətmişdir.

“Qadağandır!” işarəsinə məhəl qoymadan qarşı tərəfdən  öz yolu ilə hərəkət edən avtomobillə  toqquşmuş, özünün və daha 3 nəfərin həyatına son qoymuşdur.


Biznesmen Gülbalanın dəfni çox soyuq keçdi. Kənd onu aladadan, özünü qoçaq kimi qələmə verən, əslində qorxaq və xain övladını bağışlaya bilmədi.


Kənd qəbiristanlığında iki Gülbalanın məzarı var. Biri şəhid Gülbalanın – həmişə üzərində qönçə qızılgüllər, tər qərənfillər olan, hər gün ziyarət edilən, uşaqdan böyüyə hamıya əziz məkan olan kəndin sevimli balasının məzarı, o biri isə yalnız ailə üzvlərinin, yaxın qohumlarının bayram günləri baş çəkdikləri biznesmen Gülbalanın məzarı...