Şeirlər

Abbas Səhhət. İki dana

Getmişdi bir cüt dana,
Otlamağa bir yana.
Naxırdan ayrıldılar,
Bir dərədə qaldılar.

 

Axşam olanda biri,
İstədi dönsün geri,
Yoldaşın dümsüklədi,
Bu cür ona söylədi:

 

– Ay dana, dana, dur gedək,
Qarnını doldur gedək.

Yoldaşı verdi cavab:

– Etmə, canım, iztirab,
Tələsmə çox, ertədir.

Eşitdikdə bu sözü
Kəndə qayıtdı özü.

O birsi orda yatdı,
Qurd da gəlib dağıtdı.

Yoldaşı gəldi səhər,
Ta ondan tutsun xəbər.

Gördü ki, o can verir,
Rəhmi gəlib dindirir:

– Ay dana, dana, dərt nədir?

– Dindirmə, dərdim artadır.

– Mən sənə dedim gəl gedək,
Sən niyə dedin ertədir?