Şeirlər

İbrahim Yusifoğlu. Nənəmin sandığı var

Zəhra nənənin
Bir sandığı var.
İçində hər vaxt
Qoz – badam olar.

Əgər kim sözün
Düzünü desə,
İşində ona
Kömək eyləsə,
Vaxtında yatsa,
Vaxtında dursa,
Kim öz gününü
Maraqlı qursa,
Bağçadan nağıl,
Şeir gətirsə,
Məktəbdən çoxlu
“Beş”lər gətirsə,
Zəhra nənə tez
Sandığı açar,
Nəvələrinə
Qoz, badam paylar.