Cəmi 11 yaşı var, artıq dünya çempionudur
Bəzən böyük uğurlar yaşla deyil, əzm və zəhmətlə ölçülür. Cəmi 11 yaşında olmasına baxmayaraq, artıq dünyanın ən nüfuzlu STEM yarışlarında Azərbaycan bayrağını zirvəyə qaldıran Ali Aslanov qısa zamanda qazandığı uğurlarla diqqət mərkəzinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri dünya çempionu Ali Aslanovun uğur yoluna yaxından nəzər salmaq üçün onunla və ilk dəstəkçilərindən biri olan babası ilə həmsöhbət olub. Çempion və babası qazandıqları uğurların arxasında dayanan zəhmət, dəstək və hədəflərdən danışıblar.
Ali Aslanov 2014-cü ildə Gəncədə anadan olub. Bu gün təhsilini ingilis bölməsində Sumqayıt şəhərində “Dünya məktəbində” alır.
O, robototexnika və kodlaşdırma sahəsində ilk beynəlxalq təcrübəsini 2023-cü ildə Rumıniyada təşkil olunan “RoboChallenge” olimpiadasında əldə edib. Dünyanın müxtəlif ölkələrindən 200-dən çox komandanın mübarizə apardığı “Mini Sumo Kids” kateqoriyasında uğurla çıxış edən Ali yarışın 1/8 final mərhələsinə qədər irəliləməyi bacarıb.
“2024-cü il də Bakıda keçirilən “Robotex Azərbaycan” yarışında “Mini Sumo” kateqoriyası üzrə final mərhələsinə keçmişəm. Həmin yarışın Türkiyənin Antalya şəhərində təşkil olunan “Robotex International” mərhələsində də “Mini Sumo” kateqoriyasında I yeri qazanmışam. Həmin ilin iyul ayında Niderlandda keçirilən final mərhələsində iştirak edərək üçüncü yerə çıxmışam. 2025-ci ildə isə Amerika Birləşmiş Ştatlarında keçirilən “NEO Science Olympiad” beynəlxalq olimpiadasının finalında bürünc medal qazanmışam,” – deyə çempion bildirib.
Həmsöhbətimiz bu il isə İtaliyanın Roma şəhərində keçirilən “STEM Olympiad Grand Final” yarışında dünya çempionu adına layiq görülüb.
Alinin ən böyük dəstəkçilərindən biri olan babası Allahverdi Aslanov övladları kimi, nəvələrinin də təhsilə və idmana xüsusi vaxt ayırmalarına diqqət yetirdiyini deyir: “On nəvəmin arasında Ali son beşiyimizdir. Onun dünyanın müxtəlif ölkələrində Azərbaycan Bayrağını dalğalandırması məni çox sevindirir. O, kodlaşma və robotexnika sahəsi ilə yanaşı, həm də idmanla məşğul olur”.
Gündə 2-3 saat robototexnika və kodlaşdırmaya vaxt ayıran Ali atıcılıq və kikboksinqlə də aktiv məşğul olaraq nailiyyətlərə imza atıb. Ən böyük arzusu isə təhsilini ingilis dilində başa vurub, ölkəmizin bayrağını daim ucalarda dalğalandırmaqdır. Gələcəkdə təhlükəsizlik orqanlarında çalışmaq istəyən çempion bunun üçün də gecə-gündüz çalışır.
Qazandığı bütün nailiyyətlər Ali Aslanovun uğur yolunda yalnız bir mərhələdir. Qarşıda isə onu yeni yarışlar, yeni hədəflər və Azərbaycan Bayrağını beynəlxalq arenada yenidən dalğalandırmaq arzusu gözləyir. Biz də çempiona gələcək yarışlarda uğurlar arzulayırıq.
20.07.2026