Bəxtiyar Vahabzadə. Məktəbdə görüş
Məktəbdə görüşdür...
Görüş,
Təmtəraq...
Həmən bu məktəbi otuz il qabaq
bitirənlərin
Görüşü...
Bu görüş nə qədər gözəl,
nə qədər şirin...
Mən də bu axşam
Köhnə dostlarımın arasındayam.
Uçrumtək aranı kəsib otuz il.
İnsan öz-özündən ayrılır müdam,
Dəyişən fi kirlər, duyğular deyil,
Üzlər də, gözlər də dəyişib tamam.
İllər saçımıza qar ələyibdir,
Gözləri kədərdən sürmələyibdir.
Hanı o qayğısız, fərəhli günlər?
Dünən gülən dodaq bu gün lal olmuş.
Dünən atasıyla dərsə gələnlər
Bu günsə... özləri ağsaqqal olmuş.
Doğma məktəbimin dəhlizlərindən
İtən gəncliyimi axtarıram mən...
Bax, bu bizim sinif... qara sobalı,
Bu həkim otağı,
Bu idman zalı,
Bu da...
Hər şey, hər şey öz yerindədir.
Bilmirəm, bəs məni çaşdıran nədir?
Fikrim cövlan edir min bir budaqda
Fikrimin sapında sıralanmışam.
Mənə elə gəlir, zal da, otaq da,
Məktəb də,
Dəhliz də
kiçilib tamam.
Fikrim dünəndədir,
Özüm bu gündə...
Axı, kim deyir ki, indi mən, mənəm,
Hər şey olduğutək durub yerində,
Başa düşmürəm ki, dəyişən mənəm.
- Salam...
- Dayan, dayan... sən...
- Hə... Tap görək.
- Adın... yox... bilirəm... bu saat, Mələk!
- Tapmadın, Məleykə!..
- Özüdür ki, var.
- Bax, sən, yadımdadır, burda oturar,
Yavaşca gizlənib dala yatardın.
Milçəyə damardan sapand atardın.
- Oğuldan, uşaqdan nəyin var?
- Artıq
Anayam, nənəyəm, biz qocalmışıq.
- Bəli, qocalmışıq, keçdi ömür-gün,
İndi yaşayırıq balalar üçün.
- Yadına gəlirmi, bir gün mən sənin...
Deyə, varaqlanır ötən zamanlar
- Bu yer “bic Vəlinin”, bu yer Həsənin,
Bu da “qız İlqarın” yeri...
Bəs onlar...
Hanı?
- Qayıtmadı onlar cəbhədən...
Qayıda bilməzdi ora hər gedən...
Onlar qayıtmadı...
Qırx birinci il.
“Tarix səhifəsindən silinən deyil”