Cabir Novruz. Sona çatan əsrimizin mən sonuncu şairiyəm
Mən söz ilə görünərəm, ayrı donda görünmərəm,
Onun, bunun ətəyində sürünmərəm.
Baş əymərəm heç bir kəsin hüzurunda,
Ucalığı əxz etmişəm Füzulidən.
Mən Sabirdən həqiqətə düz baxmağı öyrənmişəm,
Mən Müşfiqdən nakamlığı öyrənmişəm...
Sürülərin arasında görməzsiniz heç vaxt məni,
Hərcayilər sırasında görməzsiniz heç vaxt məni...
Haray çəkən şeirlərin şairiyəm,
Faciəli dövrlərin şairiyəm...
Mən poladam əqidəmdə, əməlimdə,
Dəyişmərəm məsləkimi yer-göy qopsa təməlindən,
Soyulsam da diri-diri,
Tonqallarda yandırardım əqidəsiz şairləri,
Külək kimi ora-bura əsənləri,
Yandırardım yazıqları cəfəng-cəfəng əsərləri...
Mən bir amal, mən bir vicdan şairiyəm,
Para-para paralanmış Azərbaycan şairiyəm...
Olmaz mənə hökm eləmək, əmr eləmək,
Olmaz məni nömrə ilə nömrələmək.
Heç bir rənglə qaralamaq olmaz məni,
Sözdən qeyri heç nə ilə yaralamaq olmaz məni...
Ümidimi kəsmək olmaz qılınc ilə,
Mənim məhvim ölüm ilə gülünc olan,
Mən ölümdən sonraların şairiyəm,
Öz ömründən sonraların şairiyəm...
Gör, nə boyda
məmləkətəm,
amma yarı mənim deyil,
Bu diyarım mənimdirsə, o diyarım mənim deyil...
Torpağımda görün kimlər at oynadır...
Ulu Şuşam indi olub yad oylağı...
Cəh-cəh vuran səsi batıb
Qarabağın,
Bizə qalıb təkcə
adı
Qarabağın...
Qırx
milyonluq millətim var
azı mənim,
çoxu yadın...
Gecə-gündüz
dilimdədir
Təbriz
adı,
Qədəmlərim təzə-təzə
dəyir ora,
Bu vüsalın
kaş axırı xeyir ola, Gecə-gündüz bu həsrətin,
bu
harayın
şairiyəm...
Həm bu tayın, həm o tayın şairiyəm,
Məndən sonra kim
sürəcək
söz atını
bilməyirəm,
Mən arxamda hələ elə bir adamı
görməyirəm...
Şeirə, sözə daraşan çох,
Şöhrət üçün vuruşan çox,
dalaşan çox,
Amma əsil şairliyə yaraşan az,
Xalq adından danışan
çox,
öz adından
danışan az...
Mən bu yurdun şan-şöhrətə
ən biganə
şairiyəm.
Ad-san sevməz tək yeganə
şairiyəm...
Ulu sözün ən sonuncu
şairiyəm.
Sona çatan əsrimizin
mən sonuncu
şairiyəm.
16.07.2026