Bəxtiyar Vahabzadə. Mavi mağara
Ləpə vurur, oynaşır
köpük-köpük halqalar.
Bir qayanın dibində
oyuq açmış dalğalar.
O, böyümüş, genəlmiş
neçə yüz ildən bəri,
Min qayığa, oyuqdan,
gir astaca içəri.
Oyulmuş sal daşların
içində bir mağara.
Adamı vəhmə basır,
göz qaralır bu ara.
Üstün daş, altın dəniz,
qarşın zülmət, yerin dar.
Avar suya dəyincə,
gəlir qulaqlarına
qəribə pıçıltılar.
Qayığın asta-asta
ləngər vurur yerində...
Əlvan rənglər oynaşır
qaralan gözlərində...
Qəribə səslər ilə
uğuldayır mağara.
Ürəyində deyirsən:
“Dəniz hara, mən hara!?”
Qorxa-qorxa çevrilib
arxana boylanırsan.
Sən özünü bu zaman
qəribə, əfsanəvi
bir dünyada sanırsan.
Dalğalanır sularda
mavi işıq sütunu.
Səmayamı bənzədim,
çəmənəmi mən onu?
Elə bil qırıq-qırıq
gömgöy şüşədir sular;
Bu mavi sular kimi
ürəyimdə göyərib
dalğalanır duyğular.
Dəniz suyu deyil bu,
yox, nəsə özgə sudur.
Su da deyil, bəlkə də
gözdən axan uyqudur,
Düşüncədir, xəyaldır
alıb məni qoynuna;
Düşünmək istəyirəm
hey baxdıqca mən ona.
Mənə elə gəlir ki,
özgə əyyamdır əyyam;
Nənəmin danışdığı
nağıl dünyasındayam.
Deyirəm ki, bəlkə də
insanın xəyalını–
dərdli, qəmli halını
yaradırkən Rafael.
Nəzər salmış bu mavi,
bu düşünən sulara.
Bu sulardan rəng almış
narahat duyğulara.
Düşüncəni, xəyalı
mavilikdə o görmüş,
Düşünən gözlərdəki
Kölgələrin rəngini
bu sulardan götürmüş.