Şeirlər

Bəxtiyar Vahabzadə. Ümid məktəbi

Onunçun həyat - ümid.
Onunçun zaman - ümid,
Onu ucaldan - amal,
Onun ümid günəşi
Aləmə şölə saçdı.
Dükanını bağlayıb
“Ümid” məktəbi açdı.

Elə bil ki bununla
O çatdı bəslədiyi
Hər arzuya, mətləbə.
Ümidini bağladı
Bu ikicə sinifli
Balaca bir məktəbə.


O unutdu elə bil
Dərdini də büsbütün.
Dərs verdiyi hər uşaq
Bir ümid çırağıydı,
Bu böyük şair üçün...


Tanıtdı körpələrə -
Şanlı sabaha gedən
Cığırları, izləri...
Körpələrin gözündə
Nuh əyyamından qalan
Vərdişləri qırdı o.


Onların ürəyində
Min çıraq yandırdı o.
Qanmaq öyrətdi Sabir.
Qandırdıqca onlara
Yanmaq öyrətdi Sabir.

 

Hər şeyin öz adını
Başa saldı o, bir-bir.
Kor, donuq baxışlara
Görmək öyrətdi Sabir...


Bir istiyə bərabər
Qızınmaq öyrətdi o.
Bir soyuğa bərabər
Üşümək öyrətdi o.


Hamıya bir mətləbi
Düşünmək öyrətdi o...
O öyrətdi, niyə biz
Yadlar üçün bu qədər
Cazibədar olmuşuq.

 

Balaca körpələrə
O öyrətdi ayıqlıq,
O öyrətdi sayıqlıq.
O öyrətdi vətənə,
Doğma elə sədaqət.
O öyrətdi dəyanət!
O söylədi: “Yaşasın
Şəhriy ari-hürriyyət! ”

 

O, bircə il dərs dedi
Bu “Ümid” məktəbində.
O, şeirilə beşcə il
Bütün Şərqə dərs deyib
Özgə məktəb yaratdı.

 


İlhamından, təbindən.
O, gülüş arxasından
Damcılayan göz yaşı! -
O - bizim şeirimizin
Ən böyük vətəndaşı!..