Bu maraqlıdır!

Ayzek Azimovun 3 qanunu

100 il əvvəl Karel Çapekin robotlar haqqında əsəri tamaşaya qoyularkən insanlar buna, sadəcə, yazıçı təxəyyülünün məhsulu kimi baxırdılar. Heç kim robotların həyatımıza daxil olacağını düşünmürdü.
 
 
Bu gün də kiborqlar və transformerlər haqqında filmləri seyr edərkən bir çoxları bu obrazların reallığa çevriləcəyini ağlına belə gətirmir. Amma zaman dəyişir, süni intellekt texnologiyası çox sürətlə inkişaf edir...
 
 
Kiborq (ingiliscə: cyborg - kibernetik orqanizm) bioloji və süni hissələri olan fantastik varlıqdır. Kiborqu robotdan fərqləndirən əsas cəhət budur ki, o, zahirən insana daha çox bənzəyir. Bir sözlə, kiborq-gələcəyin mükəmməl robotudur.
 
 
Bəs kiborqlar insanlar üzərində hakimiyyəti ələ keçirə bilərmi? Bu gün yazıçı və alimləri ən çox düşündürən məsələlərdən biri də budur.
 
 
Məşhur Amerika yazıçı-fantastı Ayzek Azimov "Mən robotam" hekayələr toplusunda "Robot texnikasının 3 qanunu"nu hazırlamışdır:
 
 
 
1-ci qanun. Robot insana zərər yetirməməli, insan üçün təhlükə yaranarsa, buna qarşı tədbir görməlidir.
 
2-ci qanun. Robot insanın bütün əmrlərini yerinə yetirməli, lakin 1-ci qanuna zidd olan əmrlərə tabe olmamalıdır.
 
3-cü qanun. 1-ci və 2-ci qanunlara zidd olmamaq şərti ilə robot öz təhlükəsizliyini təmin etməlidir.