Tarixi körpülər
Körpülər nə vaxt icad edilib?
Körpünü ilk dəfə kim, nə vaxt və harada ixtira edib? Körpü salmaq ideyası haradan yaranıb?
Bunu heç kim bilmir. Amma gəlin belə bir versiya haqqında düşünək. Bir gün güclü külək əsir, ağacı qırıb çaya salır. Meşədən qayıdan odunçu çaya düşmüş ağac gövdəsinin üstü ilə digər sahilə keçir.
Bir çox kəşflər kimi, körpü düzəltməyi də insanlara, çox güman ki, təbiət öyrədib.
İlk körpüləri necə düzəldirdilər?
İlk körpülər taxtadan və ya daşdan hazırlanmışdır. Qədim insanlar bir sahildən digərinə keçmək üçün iri ağac gövdəsindən istifadə edirdilər. Bəzən də iri daşları yan-yana düzərək bir növ piyada keçidi düzəldirdilər.
Vaxt keçdikcə mühəndislər polad, beton və digər materiallardan istifadə edərək daha möhkəm, təhlükəsiz körpülər düzəltdilər.
Tağlı körpülər
Tağlı körpü dayaqların üzərində yarımdairə şəklində hörülür. Belə körpü bir və ya bir neçə tağdan ibarət ola bilər. Keçmişdə tağlı körpüləri daşdan hörürdülər. Müasir dövrdə isə belə körpülərin inşasında daha çox polad konstruksiyalardan istifadə olunur.
Asma körpülər
Asma körpülərin inşasında yüksək dayaqlardan istifadə olunur. Bu körpüləri həmin dayaqlara bərkidilmiş polad troslar saxlayır.
İlk müasir asma körpü 1801-ci ildə ABŞ-ın Pensilvaniya ştatında inşa edilmişdir. Asma körpülər daha geniş yayılmışdır, çünki onların tikintisi nisbətən ucuzdur. Digər körpü növləri ilə müqayisədə daha uzun məsafələrə uzadıla bilər. Üstəlik, asma körpülər zəlzələ kimi təbii fəlakətlərə qarşı daha dayanıqlıdır.
22.05.2026