Şeirlər

Cabir Novruz. Böyüməyə tələsmə

Saf dağ çeşmələri tək,
Gözləri duru qızım.
Yanaqları gül-çiçək,
Ürəyi nurlu qızım.
Dünyada ola bilməz,
Sənin tək saf, müqəddəs.
Sən başdan-ayağacan,
Təpədən-dırnağacan
İlkinliyin rəmzisən,
Təmizlərin təmizisən.
Əllərin totuq-totuq,
Tellərin vəsmə-vəsmə.
Sənə qurban olduğum,
Böyüməyə tələsmə.

 

Dünya işləklərinə
Uyma çox da, ay qızım.
Onda bircə gilə də
Vəfa yoxdur, ay qızım.
Sənin qadan alaram,
Qaşı, kirpiyi əsmər.
Bir daha yalvarıram,
Böyüməyə tələsmə.