Qırılmaz zəncir
Uşaq bağçasından qayıdanda Qara soruşdu:
— Ata, sən mənim atamsan, bəs mən sənin nəyinəm?
— Oğlum.
— Bəs sən kimin oğlusan?
— Atamın, sənin Qoşqar babanın.
— Qoşqar baba kimin oğludur?
— Aslan babanın.
— Bəs Aslan baba?
— Qara babanın.
— Bıy, babanın adı mənim adımdır ki?
— Hə, babanın adını sənə qoymuşuq ki, adı yaşasın.
— Deməli hamı kiminsə oğludu?
— Hamı.
— Hamının da oğlu var?
— Hamının.
— Bəs niyə mənim oğlum yoxdu?
— Böyüyəndə sənin də oğlun olacaq.
— Bəs adı nə olacaq?
— Adını sən qoyacaqsan. İstəsən, babalarından birinin adını qoyarsan.
— Onda mən Aslan babamın adını qoyacam.
— Yaxşı olar.
— Mənim oğlum böyüyəndə onun da oğlu olacaq?
— Olacaq, əlbəttə olacaq. Dünya durduqca bizim oğullarımız babalarımızın adlarını yaşadacaq.