Lev Tolstoy. Məstan
Vasya ilə Katya adlı bacı-qardaş, bir də onların bir pişiyi vardı… Bahar gələndə bir gün pişik yoxa çıxdı. Uşaqlar hər tərəfi axtardılar, ancaq əbəs yerə: onu tapa bilmədilər.
Bir gün tövlənin yanında oynayanda zəif bir miyoldama səsi eşitdilər. Səs haradasa yuxarılardan gəlirdi. Kiçik oğlan Vasya tez nərdivanla qalxıb tövlənin damına çıxdı. Katya aşağıda qalmışdı.
— Onu tapdınmı? — deyə soruşdu.
Vasyanın səsi çıxmırdı. Birdən aşağıya səsləndi:
— Tapdım onu, bizim pişiyimiz… Çoxlu da balası var, necə də gözəldirlər! Tez yuxarı gəl!
Katya cəld evə qaçdı, pişik üçün süd götürüb gəldi.
Pişiyin düz beş balası vardı.
Bir müddət keçdi… Balalar bir az böyüdülər. Yerlərindən çıxıb gəzməyə başlayanda uşaqlar onlardan kül rəngli, ağ pəncələri olan birini seçdilər. Onu evə gətirdilər. Digər balaları da uşaqların anası başqalarına verdi. Uşaqlar balaca balanı elə sevirdilər ki, onunla oynayır, hətta birlikdə yatırdılar.
Bir gün evdən bir az aralıdakı yolda oyun oynamaq istədilər. Bala pişiyi də özləri ilə apardılar.
Xəfif bir yel yolun kənarındakı sünbülləri dalğalandırır, bala pişik də aşağıya sallanan buğda sünbülləri ilə oynayırdı. Uşaqlar da zövqlə onu izləyirdilər.
Birdən bacı-qardaş yolun kənarında bitən quzuqulaqlarını gördü. Tez gedib onları toplamağa başladılar. Quzuqulağı toplamağa başları qarışdığından pişiyi unutdular.
Qəflətən:
— Tez buraya gəl! Buraya gəl! — deyə bir nəfərin qışqırdığını eşitdilər.
Qışqıran at üstündə olan bir ovçu idi. Ovçunun qabaqda gedən iki ov iti də balaca pişik balasını görmüşdü və onu tutmaq üçün üstünə gedirdi.
Katya itləri görən kimi qışqıra-qışqıra qaçdı. Vasya da var gücü ilə pişiyinə kömək üçün qaçmağa başladı. İtlərlə eyni vaxtda pişik balasının yanına çatdı. İtlər balaya hücum çəkərkən Vasya özünü balanın üstünə atdı, eləcə durub qaldı.
Bütün bunları görən ovçu özünü yetirdi. İtlərini götürüb oradan uzaqlaşdı.
Vasya da bala pişiyi qucağına alıb evə qayıtdı.
Bir daha onu evdən uzağa aparmayacağını qərara aldı.
19.05.2026